İnternet şəbəkəsində Mitsubishi şirkəti tərəfindən 11-illik fasilədən sonra fəaliyyəti bərpa edilən Ralliart idman bölməsinin ilk modeli haqqında məlumat peyda olub. Yaponiyanın Best Car Web portalının bildirdiyinə görə, Ralliart bölməsi Outlander krossoverinin təkmilləşdirilmiş hibrid versiyası ilə debüt edəcəkdir. Yeni modelin əksanəvi Evolution indeksini alacağı da söylənilir.

Şayiələrə görə, Mitsubishi şirkəti hətta Outlander PHEV Evolution prototipini Tokyo avtosalonunda göstərməyə hazırmış, lakin məlum olduğu kimi, bu avtosalon koronavirus pandemiyası ucbatından  ləğv edilmişdi.

2010 -cu ildə maliyyə problemləri səbəbi ilə bağlanan Ralliart bölməsi, Mitsubishi şirkəti üçün ralli avtomobillərini hazırlayır, minik avtomobillərini təkmilləşdirir və aksesuarlar istehsal edirdi.

Best Car Web nəşrinin bildirdiyinə görə, fəaliyyəti bərpa edilən subbrenidin hazırladığı Outlander hibridi, yarış modellərindən ilham alınaraq yaradılmış daha aqressiv xarici görünüşə sahib olacaqdır. Bundan əlavə, krossoverin texniki hissəsinin məhsuldarlığının artırılması üçün ənənəvi dəyişikliklərin ediləcəyi gözlənilir.

Nəşrin yazdığına görə, Ralliart tərəfindən hazırlanmış Outlander PHEV Evolution modeli gələn ilin iyun ayında Yaponiyada satışa çıxarıla bilər. Qeyd etmək gərəkdir ki, yeni nəsil Mitsubishi Outlander PHEV modeli hələlik təqdim olunmayıb: son məlumatlara görə, məişət şəbəkəsindən qidalanan hibrid krossover 2022-ci ilin yazına qədər debüt etməlidir. Dördüncü nəsil Mitsubishi Outlander modelinin benzin versiyası bu ilin fevral ayında təqdim edilib və hazırda üçüncü nəsil hibrid krossoveri ilə paralel olaraq satılır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.