ABŞ-da ən populyar pikap Ford F-150 modelidir, lakin lüks pikaplar seqmentində isə liderlik Ram markasına məxsusdur. Liderliyin başlanğıc nöqtəsi kimi, Ram 1500 Limited modelinin debüt etdiyi 2012-ci il sayılır.
Lüks pikaplar seqmentindəkiu liderliyinin 10-illik yubileyini qeyd edən amerikan markası, 2022-ci model ilinin 1500 Limited 10th Anniversary Edition xüsusi buraxılışını hazırlayıb. Xüsusi nəşrin interyer tərtibatında yalnız premium materiallardan - metal, əsl ağac və dəridən istifadə olunur.
Ram 1500 Limited 10th Anniversary Edition modeli, ekstremal 1500 TRX pikapını hesaba almasaq, ailədəki ən bahalı pikapdır. Xüsusi Blue Shade rənginə boyanmış, çoxfunksiyalı kuzov qapısına, Mopar arxa pilləsinə və yükləri bərkitmək üçün tənzimlənən qarmaqlara malik olan pikap ən azı 60.175 dollara başa gələcəkdir. Avtomobil yalnız ikiqat Crew Cab kabinası ilə təklif edilsə də, istehsalçı alıcıya güc aqreqatlarını seçmək imkanı verir.
Birinci aqreqat, eTorque mülayim hibrid texnologiyasına sahib olan 5,7-litrlik HEMI V8 benzin mühərrikidir. Bu qurğu 400 at qüvvəsi və 556 Nm fırlanma anı hasil edir və səkkiz pilləli TorqueFlite “avtomatı” ilə tandemdə çalışır. İkinci mühərrik, 264 at qüvvəsi və 651 Nm fırlanma anına malik olan 3,0-lirlik V6 EcoDiesel dizel aqreqatıdır.
Xüsusi nəşrin adi 1500 Limited modeli ilə əsas fərqi interyerində gizlidir: oturacaqlar və qapı üzlükləri sırıqlı dəri, tavan isə zamşa ilə örtülüb. Məlum məsələdir ki, mərkəzi konsolda pikapın yubiley nəşrinə məxsus olduğunu göstərən lövhə bərkidilib.
Salonda Aluminium Litho vurğuları olan yeni Indigo/ Sea Salt Grey rəng sxemindən istifadə edilir. Transmissiyanın şayba-selektorunun mərkəzi qapağına unikal naxış vurulub. Yubiley pikapının təchizatına 12-düymlük displeyi olan Uconnect multimedia sistemi, 19 dinamikli premium səs sistemi və metal örtməli pedallar daxildir.
Yubiley seriyasından olan pikapın ABŞ-dakı satış qiyməti 61.870 dollar təşkil edır. Pikapların yerli bazardakı satışlarına cari ilin üçüncü rübündə başlanacaqdır.
Ram 1500 ailəsinin ən bahalı üzvu isə ayrıca mövqeləndirilən 1500 TRX modelidir. Belə pikap, elektronika tərəfindən idarələnən Bilstein Black Hawk e2 dayaqları, 712 at qüvvəsi və 881 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik HEMI V8 mühərriki, gücləndirilmiş asqı, səkkiz pilləli TorqueFlite 8HP95 avtomatik transmissiyası və rok-kraulinq üçün 2,64:1 azaldıcı cərgəsi olan BorgWarner 48-13 paylayıcı qutusu ilə təchiz edilir. Ram 1500 TRX modelinin satış qiyməti 70.425 dollar təşkil edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.