Stellantis ittifaqına daxil olan FCA US LLC şirkəti ABŞ-ın Patent və əmtəə nişanları idarəsinə (USPTO) Ram Revolution ticarət nişanının qeyd alınması barədə ərizə ilə müraciət edib. Bu ilin 27 yanvar tarixində verilmiş ərizədə, yeni adın nəqliyyat vasitələri, əsasən də pikaplar üçün istifadə ediləcəyi qeyd olunur. Buradan olduqca aydın nəticə ortaya çıxır.

Bu ada uyğun gələn ən inqilabi model, keçən yay elan edilmiş və hələ də istehsalçı tərəfindən sadəcə Ram 1500 BEV (battary  electric vehicle - batareyalı elektrik avtomobili) kimi işarələnən Ram 1500 pikapının elektrik versiyası ola bilər. Dərc olunmuş tizerlərdən də göründüyü kimi, elektrik pikapının dizaynı hazırkı yanacaqla işləyən pikapdan əhəmiyyətli dərəcədə fərqlənəcəkdir.

Ram 1500 BEV modeli Ford F-150 Lightning, Chevrolet Silverado EV, Rivian R1T, GMC Hummer EV və əlbəttə ki, Tesla Cybertruck pikapı ilə rəqabət aparmalıdır. Eyni zamanda, Ram pikapı bazara əsas rəqiblərdən sonra çıxa bilər: təqdimat zamanı söhbət 2024-cü ildən gedirdi.

Bununla belə, bu hal Ram Trucks şirkətinin baş direktoru Mark Kovalı heç də narahat etmir: onun sözlərinə görə, brend elektrik pikapının yaradılmasında rəqiblərin açdığı cığırla ilə deyil, öz yolu ilə getməyə üstünlük verir.

Modelin texniki hissəsi barədə məlumat hələlik azdır. Ram 1500 BEV modelinin ramalı STLA Frame platformasında inşa ediləcəyi məlumdur. Bu arxitektura 200 kilovat-saata qədər tutumu olan akkumulyatorlar blokunun quraşdırılmasına imkan verir. Batareyaların tutumu  800 kilometrə qədər getməyə kifayət etməlidir. 2025-ci ilə qədər Ram modellərinin əksəriyyətinin elektrikləşdirilmiş versiyaları debüt etməlidirlər, növbəti beş ildə isə, ümumiyyətlə model xətti tamamilə elektrikləşməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.