Orta ölçülü Ford Ranger pikapı bütün dünyada məşhurdur və bir müddət bundan öncə onun yeni nəsli təqdim edilib. Lakin Ranger modelinin özü qədər məşhur olmayan bir qohumu da mövcuddur – bu beşqapılı Ford Everest ofrouderidir. 2003-cü ildən buraxılan ofrouderin satış coğrafiyası pikap qədər geniş deyil: ofrouder əsasən Avstraliya, Çin, Cənubi-Şərqi Asiya, Afrika və Hindistan (Endeavour adı ilə) bazarlarında satılır. Məlum məsələdir ki, pikapın ardınca onun sərnişin versiyası da nəsil dəyişdirməyə hazırlaşır. Bu günlərdə Ford şirkəti avtomobilin ilk şəkillərini dərc edib.
Ford Everest modeli sınaqların son mərhələsinə qədəm qoyub, lakin hələlik kamuflyajın altında gizlədilib. Buna baxmayaraq, avtomobil haqqında müəyyən mülahizə yürütmək imkanı mövcuddur. Ford Everest ənənəvi formatını quruyub saxlayacaq və Mitsubishi Pajero Sport, Toyota Fortuner və Isuzu MU-X modelləri ilə rəqabət aparacaqdır. Ümid edirəm ki, adı çəkilən ofrouderlərin pikapların bazasında yaradıldığını xatırlatmaq gərək deyil.
Everest modeli yeni Ranger pikapından ramanı, kuzovun ön hissəsini, bütöv arxa körpüsü olan şassini (ressorlar yaylarla əvəzlənəcək) və güc qurğularını alacaqdır. Xatırladaq ki, Ford Ranger pikapının mühərrik çeşidində dördsilindrli mühərriklər və V6 turbodizeli var. Əgər pikap indi tam ötürmə sisteminə sahib olubsa (part-time transmissiyası da yerini qoruyub), ofrouderdə bu sistem əvvəldən təklif edilirdi. Böyük ehtimalla, belə transmissiya yeni Everest modelində də olacaqdır.
Ford Everest modelinin təqdimatı gələn ilin birinci rübündə keçirilməlidir. Ofrouderin satış coğrafiyasının genişlənəcəyi istisna olunmur, çünki onun kamuflyajlı sınaq prototipləri bu günə qədər satılmadığı Birləşmiş Ərəb Əmirliklərində də qeydə alınıblar. Hazırda bu ölkədə formatca Everest modelinə yaxın olan Bronco modeli də satılır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.