Autocar dərgisinin əldə etdiyi məlumata əsasən, Land Rover avtomobillərində üç silindrli mühərriklər quraşdırılacaqdır. Yeni aqreqat hibrid güc qurğusunun tərkibinə daxil ediləcək və Range Rover Evoque modelinin növbəti nəslində quraşdırılacaqdır.
Evoque modelinin hibrid güc qurğusunun tərkibinə 1,5-litrlik benzin mühərriki, litium-ion akkumulyatorları, elektrik mühərriki və 48-voltluq elektrik sistemi daxil olacaqdır. Avtomobilin elektrik ötürməsi ilə qısa məsafə qət edəcəyi ehtimal edilir. Elektrik mühərriki, həmçinin, startyor rolunu da ifa edəcəkdir. İlkin məlumata görə, hibrid Range Rover Evoque modeli 2019-cu ildə işıq üzü görməlidir.
Eyni zamanda, Jaguar Land Rover şirkəti 2020-ci ilə kimi, istehsal etdiyi bütün modellərin elektrik və hibrid güc qurğuları ilə təchiz edilmiş ekovariantlarının olacağını bildirib.
Autocar dərgisinin dəqiqləşdirmələrinə görə, Range Rover və Range Rover Sport modellərinin hibrid variantları bu ilin sonunda təqdim ediləcəkdir. Güc qurğusunun tərkibinə Ingenium ailəsindən olan 2,0-litrlik dörd silindrli benzin mühərrikləri daxil ediləcəkdir.
Hazırda Range Rover modeli dizel mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təklif edilir.