Land Rover şirkəti Range Rover Evoque modelinin yarım milyonu keçmiş satışlarını bayram edir. Keçən ilin mart ayında təqdim edilmiş yenilənmiş model də daxil olmaqla, Britaniya istehsalçısı 520 min Range Rover Rvoque modelini müştərilərinə çatdırmışdır. Bu əlamətdar hadisəni qeyd etmək məqsədilə Land Rover şirkəti premium krossoverin xüsusi modifikasiyasını buraxmışdır. Xüsusi modifikasiya Range Rover Evoque Ember Limited Edition adını almışdır. Range Rover Evoque Ember Limited Edition modifikasiyası krossoverin HSE Dynamic variantının bazasında hazırlanmışdır.
Xüsusi modifikasiyanın kuzovu qara Santorini Black rənginə boyanmış və qırmızı Firenze Red rəngli aksentlərlə bəzədilmişdir. Qırmızı rəngə boyanmış eıementlərə misal olaraq, avtomobilin damının perimetrini, ön bamperdəki əlavəni və arxa diffuzoru göstərmək olar. Məhdud saylı seriyadan olan krossoverlər həmçinin, qara rəngə boyanmış 20-düymlük təkər diskləri, qara xromla ötülmüş buraxılış sisteminin boruları, radiator barmaqlığının qara-parlaq haşiyəsi və tündləşdirilmiş ön və arxa fənərləri ilə seçilir.
Bundan əlavə, avtomobilin salonunda qırmızı rəngli işıqlandırmanı, Ebony Black rəngli dəri ilə örtülmüş və qırmızı tikişləri olan oturacaqları, həmçinin, ətrafları ikiqat qırmızı tikişlə işlənmiş ayaqaltıları görmək olar.
Krossover unikal zahiri görkəmi ilə bərabər 10,2-düymlük sensorlu ekranı olan müasir Pro İnControl informasiya-əyləncə kompleksini əldə etmişdir. Xatırladaq ki, bu kompleks Range Rover Evoque Convertible kabrioletində debüt etmişdir.
HSE Dynamic modifikasiyasının standart təchizatına fırlanma anını təkərlər arasında avtomatik paylayan Low Traction Launch sistemi daxil edilmişdir. Xüsusi modifikasiyanın satışlarına bu ilin yayında başlanacaqdır.