Land Rover şirkəti Range Rover Evoque modelinin uzun bazalı versiyasını hazırlayır. Bu günlərdə casuslar uzunbazalı krossoverin sınaq prototipini yaxalamağa müvəffəq olublar. Yeni krossover güclü kamuflyaj örtüyünə sahib olsa da, uzadılmış arxa qapı onu ələ verir. Çox güman ki, Range Rover Evoque LWB yeddi nəfərlik salona malik olacaq və Mercedes-Benz GLB krossoveri ilə rəqabət aparacaqdır.
Uzunbazalı Range Rover Evoque modelinin yaxınlarda debüt edəcəyindən şübhə etməmək olar. Xatırladaq ki, ilk nəsil Evoque modeli üçqapılı və hətta kabriolet kuzovu ilə də təklif edilirdi. Casus şəkillərindən göründüyü kimi, kuzovun ölçüləri cüzi şəkildə dəyişəcəkdir: uzunbazalı Evoque genişlənmiş arxa qapısı ilə fərqlənir və onun uzunluğu 100 millimetrdən çox artmamlıdır.
Land Rover ilk dəfə deyildir ki, salonun həcmini genişləndirmək üçün təkər bazasının artırılmasını həyata keçirir: 2014-cü ildə, ilk dəfə lyuks sedanın rahatlığını ofrouder form-faktoru ilə birləşdirən uzunbazalı Range Rover Long modeli debüt edib. Yığcam premium krossoverlər seqmentində uzunbazalı modellər yoxdur, üç oturacaq cərgəsi təklif edən yeganə model isə Mercedes-Benz GLB krossoveridir.
Müxtəlif təkər bazasının təklif edilməsi, Range Rover Evoque modelinin əlavə üstünlüklərindən biri olacaqdır. Range Rover Long modelində olduğu kimi, yığcam krossoveri də müxtəlif güc aqreqatları və təchizat səviyyələri ilə təchiz etmək olar.
Range Rover Evoque LWB modelinin debütünün 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində baş tutacağı gözlənilir.