Range Rover modelinin ilk nəslinin istehsalına düz 50 il bundan öncə - 17 iyun 1970-ci ildə başlanıb. Yüksək ofroud qabiliyyətinə və özünəməxsus dəbdəbəyə malik olan ofrouder əsasən ovu sevən centlmenlərə və şəhərdə yaşayan, lakin kənd yerlərində malikanələri olan zəngin ailələrə ünvanlanmışdı. Bu əlamət hadisəni qeyd etmək üçün, Land Rover şirkəti Range Rover Fifty adlı xüsusi seriyanı hazırlayıb. Xüsusi seriyadan olan ofrouderlərin tirajı 1970 nüsxə ilə məhdudlaşıb.
Yubiley seriyasından olan ofrouderlərin rəng palitrasına mavi Tuscan Blue, qızılı Bahama Gold və ağ Davos White çalarları əlavə edilib. Bundan başqa, Range Rover Fifty modeli üçün orijinal Auric Atlas qara rəngini də hazırlayıblar. Adi rənglərə gəldikdə, ofrouder üçün boz Carpathian Grey, qırmızı Rosello Red, gümüşü Aruba və qara Santorini Black rəngləri nəzərdə tutulub.
Bu günə qədər təklif edilməyən kuzov rəngləri, seriyanın adı olan emblemlər, salondakı lövhəçiklər və basmanaxışlar ilə yanaşı, yubiley ofrouderi yeni 22-düymlük təkər disklərinə də sahib olub.
Markanın şef-dizayneri Cerri Makhovern xüsusi seriya üçün gözəl yazını da hazırlayıb. Belə yazı olan emblemləri ön qapılara da həkk ediliblər. Bundan başqa, Fifty yazısına ön paneldə, hər iki cərgənin oturacaqlarında, mərkəzi tonneldə və qapı kandarlarının metaldan hazırlanmış lövhələrində də rast gəlmək olar.
Yubiley versiyasından olan avtomobillər Autobiography təchizat səviyyəsinə malik olan qısabazalı Range Rover modelinə əsaslanırlar. Yubiley versiyasının mühərrik çeşidi açıqlanmasa da, orada P400e hibrid qurğusunun olacağından şübhə etməmək gərəkdir. Range Rover Fifty modelinin satışları ilin sonuna qədər başlanmalıdır. Yubiley modelinin qiyməti və spesifikasiyaları satışların başlanılmasından öncə açılanacaqdır.