Land Rover şirkəti Range Rover modelinin iki yeni versiyasını təqdim edib: SVAutobiography Ultimate və SVAutobiography Dynamic Ultimate. Hər iki ofrouder də SV Bespoke fərdiləşdirmə şöbəsi tərəfindən yaradılıb və Böyük Britaniyada müvafiq olaraq 183.706 və 147.441 funt sterlinqdən başlayan qiymətlərlə sifariş etmək mümkündür.
Faktiki olaraq eyni ada malik olan hər iki avtomobilinin fərqli auditoriyası var. Uzun təkər bazası olan Range Rover SVAutobiography Ultimate modeli avtomobili sürücüsü ilə istifadə etməyə üstünlük verən şəxslərə ünvanlanıb.
Bu model qapı çəkiciləri, biznes cetlərin üslubunda olan fərdi arxa oturacaqlar və Zenith saatı quraşdırılmış mərkəzi konsol, soyuducu və qatlanan masalar ilə təchiz olunur.
Eyni zamanda, artırılmış komfort səviyyəsi “qaynar daşlar” massajını, ottomanları və ayaq zonasındakı 1,2 metrdən çox boş məkanı nəzərdə tutur. Modelin mühərrik çeşidinə 5,0-litrlik V8 mühərriki və 2,0-litrlik dördsilindrli turbomühərrikə əsaslanan hibrid P400e aqreqatı daxildir.
Range Rover SVAutobiography Dynamic Ultimate modelini isə yalnız 565 at qüvvəli 5,0-litrlik V8 mühərriki ilə sifariş etmək olar - bu versiya uzun təkər bazası olan variantın tam əksidir. Birincisi, Dynamic versiyası yalnız qısa kuzovla əlçatandır.
İkincisi, daha yaxşı idarələnməni təmin etmək üçün, ofrouderin asqısının geometriyası dəyişdirilmiş, klirensi səkkiz millimetr azaldılmış, sükan mexanizmi və yana əyilmələrin qarşısının alan sistem yenidən tənzimlənmişdir. Zahiri cəhətdən avtomobillər dekor və təkər diskləri ilə fərqlənirlər, lakin eyni kuzov rənginə sahibdirlər - qara Narvik Black rəngli damla ahəng təşkil edən satin Orchard Green.
SV Bespoke bölməsi Ultimate seriyasından olan uzunbazalı ofrouderləri Vintage Tan dərisi ilə üzlənmiş və Copper Weave Carbon Fiber əlavələri olan salon ilə sifariş etməyi məsləhət görür. Əlavə ödəniş ilə bahalı Poltrona Frau dərisi ilə tərtibatı seçmək olar. SVAutobiography Dynamic Ultimate modelinin salonu iki rəngli Ebony/Vintage Tan tərtibatı, oturacaqlardakı sırıqlı dəri və qırmızı sükanaltı dəstəkləri ilə seçilir.
Böyük Britaniyada ofrouderlərə sifarişlər artıq qəbul edilir. Uzunbazalı avtomobil 183,706, qısabazalı variant isə 147,441 funt sterlinqə başa gələcəkdir.