JLR Range Rover Sport modelinin tam elektrikli versiyasını təqdim edib. Range Rover Sport Electric flaqman Range Rover Electric-in texniki həllərini daha münasib qiymətə təklif edir. Yeni elektromobil bəzi bazarlarda 2027-ci ilin ilk rübündə satışa çıxacaq.

Xarici görünüşdə elektrikli Sport daxiliyanma mühərrikli versiyalardan ciddi fərqlənmir. Modeldə buraxılış sisteminin çıxış boruları yoxdur, radiator barmaqlığı daha aerodinamik formaya salınıb və xüsusi dizaynlı təkər disklərindən istifadə olunur.

Salonun əsas xüsusiyyəti maili mərkəzi ekranın yerləşdiyi iri mərkəzi konsoldur. Ekran iqlim sisteminin hava kanallarının altında yerləşir və sürücünün əsas funksiyaları idarə etməsini asanlaşdırmaq üçün ona yaxın mövqedə quraşdırılıb.

Range Rover Sport Electric Dynamic HSE və Autobiography təchizat səviyyələri ilə təklif ediləcək. Autobiography versiyası Range Rover Bespoke proqramı vasitəsilə geniş fərdiləşdirmə imkanları təqdim edir.

Elektromobil yenilənmiş MLA-Flex platforması və 800 voltluq elektrik arxitekturası üzərində qurulub. İki elektromotor birlikdə 550 at gücü və 850 Nm fırlanma anı hasil edir.

Dynamic Launch Control sistemi aktivləşdirildikdə avtomobil 0-dan 100 km/saatadək 4,5 saniyəyə sürətlənir. Bu göstərici V8 mühərrikli Range Rover Sport-un sürətlənmə dinamikasına yaxındır. Daxiliyanma mühərrikinin səsini arzulayan müştərilər üçün xüsusi səs effekti də hazırlanıb.

118,5 kilovat/saatlıq litium-ion batareya WLTP standartına əsasən 600 kilometrə qədər yürüş ehtiyatı təmin edir. Model 350 kilovat gücündə sabit cərəyanla sürətli şarjı dəstəkləyir. Batareyanın 10-dan 80 faizə qədər doldurulması 22 dəqiqə çəkir. Cəmi 10 dəqiqəlik şarj isə təxminən 220 kilometrlik məsafə üçün enerji toplamağa imkan verir.

JLR elektrikli versiyanın yolsuzluq imkanlarının da zəifləmədiyini bildirir. Range Rover Sport Electric təkmilləşdirilmiş dartma qüvvəsini idarəetmə sistemi, aktiv pnevmatik asqı və kuzovun yırğalanmasını onlayn izləyən elektron sistemlə təchiz edilir. Elektronika saniyədə 500 dəfə olmaqla 100-ə qədər parametri izləyə bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni elektromobil 900 millimetr dərinliyində su maneələrini dəf edə və 45 dərəcəlik yoxuşa qalxa bilir. Kuzovun sərtliyi mövcud hibrid versiya ilə müqayisədə 61 faiz artırılıb, ağırlıq mərkəzi isə 73 millimetr aşağı salınıb.

Range Rover Sport Electric bəzi bazarlarda 2027-ci ilin ilk rübündə satışa çıxacaq. Böyük Britaniyada modelin qiyməti 110 000 funt sterlinqdən (təxminən 146 200 dollar) başlayacaq. Bu, flaqman Range Rover Electric-dən 45 000 funt sterlinq və ya təxminən 59 800 dollar daha ucuzdur.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.