Üçüncü nəsil Range Rover Sport modeli bu yaxınlarda debüt edib - onun təqdimatı bu ilin may ayında baş tutub. Bü günlərdə isə, ingilis krossoveri İspaniyanın 77km.com nəşrinin qonağı olub və ənənəvi "sığır" testində iştirak edib. Artıq məlum olduğu kimi, bu test avtomobillərin manevr qabiliyyətini və idarəolunmasını sınaqdan keçirmək üçün nəzərdə tutulub.
Mütəxəssislər yeni Range Rover Sport krossoverinin çox ağır olduğunu qeyd ediblər - xatırladaq ki, krossoverin çəkisi üç tondan çoxdur. Buna baxmayaraq, onun göstərdiyi nəticə bir neçə həftə əvvəl ispanların sınaqdan keçirdiyi adi Range Rover modelinin nəticəsi qədər uğursuz olmayıb.
Sınaqlarda modelin ən güclü variantı olan Range Rover Sport P510e plagin hibridi iştirak edib. O, bütün mövsümlər üçün nəzərdə tutulmuş Pirelli Scorpion Zero şinləri taxılmış 23 düymlük təkər disklərinə malik olub. Sınaq avtomobilinin çəkisi 3030 kiloqram olub. 77km.com mütəxəssisləri sürücü olmadan avtomobilin çəkisinin oxlar arasında mükəmməl paylanmasına - 49,2/50,8 nisbətinə malik olduğunu da qeyd ediblər.
Əvvəllər də qeyd etdiyimiz kimi, "sığır” testi üçün yaxşı nəticə bu sınağın 75 - 77 km/saat sürətilə yerinə yetirilməsi sayılır, lakin üç tonluq Range Rover Sport modelinin belə bir sürətlə bu tapşırığın öhdəsindən gəlmək şansı olmayıb.
Sport indeksli versiya adi Range Rover modelindən daha yaxşı idarələnən olsa da, sabitləşdirmə sistemləri hər zaman düzgün işləməyiblər, odur ki, avtomobil testi konuslara toxunmadan keçə bilməyib. Bir neçə cəhddən sonra Sport versiyasının göstərdiyi ən yaxşı nəticə 69 km/saat olub, halbuki, Range Rover hibrid ofrouderi bu tapşırığın öhdəsindən yalnız 63 km/saat sürətilə gələ bilib.
Mütəxəssislər qeyd ediblər ki, idman versiyası adi modeldən daha yaxşı manevr qabiliyyətinə malikdir, kuzovun yana əyilmələri daha azdır, lakin çatışmayan dönmə qabiliyyəti göz qarşısındadır. Üstəlik, Range Rover Sport plagin hibridinin çəkisi ona yüksək sürəti yığmağa imkan verməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.