Range Rover ofrouderi özlüyündə zəngin və dəbdəbəlidir, lakin bəzilərinə bu zənginlik kifayət etməyə bilər. Odur ki, Special Vehicle Operations (SVO) zavod bölməsi Range Rover SV modelinin daha da zəngin və bahalı modifikasiyasını hazırlayıb.
Britaniya markasının mütəxəssisləri ən tələbkar müştərilər üçün SV Carmel Edition adlı eksklüziv versiyasını yaradıblar - xüsusi eksteryer və interyer tərtibatına malik olan eksklüziv ofrouder 17 nüsxəlik kiçik seriya ilə istehsal olunacaq və onlar yalnız Şimali Amerikada satışa çıxarılacaqdır.
Layihənin əsası olaraq, irəli çıxan Club Table masası, mərkəzi konsola quraşdırılmış soyuducusu və SV oymalı Dartington Crystal qablar dəsti olan dördyerlik uzunbazalı SV Signature Suite versiyası götürülüb. Avtomobil Gloss White və Satin White rənglərində relyefli mozaika naxışı olan saxsı dekor elementləri alıb, interyerin əsas xüsusiyyəti isə, anilin dərisinə yaxın olan ikirəngli tərtibatdır.
Ön oturacaqlar Liberty Blue rəngində, arxa oturacaqlar isə Caraway rəngində dəri ilə üzləniblər. Vizual olaraq, Range Rover SV Carmel Edition versiyasını unikal Bespoke Satin Bronze kuzov rəngi, Satin Bronze əlavələri olan 23-düymlük Dark Grey rəngli Diamond Turned təkər diskləri sayəsində tanımaq olar.
Texniki cəhətdən model dəyişməyib - ofrouder 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik V8 biturbo mühərriki, 8-pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə təchiz olunur.
Range Rover SV Carmel Edition modelinin təqdimatı Kaliforniyada keçirilən Monterey Car Week tədbiri çərçivəsində baş tutub və istehsalı planlaşdırılan 17 avtomobil almaq yalnız Range Rover House qonaqlarına təklif edilib. Eksklüziv avtomobilin qiyməti 345 min dollardır və bu məbləğin bir hissəsi Monterey Bey Milli dəniz qoruğuna göndəriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.