Land Rover şirkətinin ən dəbdəbəli modelinin ən zəngin modifikasiyası Range Rover SV adlanır. Üstəlik, hətta belə bir dəbdəbəli avtomobil vaxtaşırı olaraq, daha eksklüziv və bahalı xüsusi nəşrləri əldə edir. Bu günlərdə Britaniya istehsalçısı bu modelin, adından göründüyü kimi, həqiqətən də ultra-lüks versiyasını təqdim edib.

Range Rover SV Ultra modeli maye metal effektini almaq üçün alüminium hissəcikləri qatılmış unikal gümüşü Titan rənginə boyanıb. Bundan əlavə, ofrouder Satin Atlas çalarında olan müxtəlif dekor elementləri ilə bəzədilib. Nəhayət, SV versiyasına xas olan üç rəngli 23-düymlük diskləri təkər toplarının xüsusi qapaqların alıb.

Range Rover SV Ultra modelinin Ultrafabrics süni dərisi ilə üzlənmiş interyeri ağ Orchid və boz Cinder çalarlarında tərtibata malikdir. Oturacaqlarda lazerlə yaradılmış basma-naxışlar var. Transmissiya selektorunun örtməsi də daxil olmaqla, mərkəzi konsoldakı ağ keramikadan hazırlanmış idarəetmə elementləri interyerə qeyr-adi görünüş verirlər. Salonda, həmçinin palma rotanqı şponundan hazırlanmış dekordan da istifadə olunur.

Lakin Ultra versiyasının interyerinin əsas diqqət çəkən elementi ultranazik elektrostatik dinamiklərə malik olan səs sistemidir. Onlar ənənəvi dinamiklərdən 90% daha yüngül və enerji sərfiyyatı baxımından daha effektivdirlər. Hər biri 1 millimetr qalınlığında ultrahəssas membrana malik olan 21 dinamik və beş ənənəvi dinamik sabvuferlər quraşdırılıb. Dinamiklərin ənənəvi quraşdırılması yerləri ilə yanaşı, oturacaqlarda və hətta avtomobilin döşəməsində innovativ panellər yerləşdirilib. 

Özünün səs təzyiqindən başqa, audio sistem süni intellekt tərəfindən idarə olunan, oturacaqların arxasına və hətta avtomobilin döşəməsinə inteqrasiya olunmuş xüsusi vibratorlar sayəsində musiqi titrəmələrini ötürməyə qadirdir. Bu titrəmələr sərnişinlərin musiqi dinləmədən belə rahatlamalarına və ya gümrahlaşmalarına şərait yaradır.

Range Rover SV Ultra modelinin texniki hissəsi standartdır. Ofrouderin 550 at qüvvəli P550e qoşula bilən hibrid versiyası Ingenium ailəsindən olan 3,0-litrlik benzin biturbo mühərrikinə əsaslanır və səkkiz pilləli avtomatik transmissiyaya inteqrasiya olunmuş elektrik mühərrikinə (218 at qüvvəsi) malikdir. P615 versiyası da əlçatandır. O, BMW şirkətinin məhsulu olan 615 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən startyor-generatorlu 4,4-litrlik V8 mühərriki və səkkiz pilləli avtomatik transmissiya ilə hərəkətə gəlir. Gələcəkdə ofrouderin sırf elektrik versiyasının buraxılacağı da vəd edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ənənəyə uyğun olaraq, eksklüziv avtomobillərin qiyməti açıqlanmır. Bu,  Range Rover SV Ultra modelinə də aiddir. Üstəlik, ultra ofrouderi istənilən səxs ala bilməz – bunun üçün xüsusi dəvət tələb olunur

.©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.