Range Rover SV Ultra ofrouderinin yalnız xüsusi dəvət alanlar üçün əlçatan olduğu barədə artıq məlumat vermişik. Lakin bu dəvəti almadan da Range Rover dəbdəbəsinə sahib olmaq mümkündür. Bunun üçün, Britaniya istehsalçısının təklif etdiyi Westminster Edition versiyasına nəzər salmaq lazımdır. Belə tərtibata malik olan ofrouderin Birləşmiş Krallıqdakı satış qiyməti 114.630 funt-sterlinq təşkil edir.
Westminster Edition nəşri Böyük Britaniyanın paytaxtı Londona həsr edilmiş dörd xüsusi versiyadan biridir. O, “nümunəvi liderlik mirasını” təcəssüm etdirir və sahibinə “zamana tabe olmayan zəriflik və yüksək lüks” hissini aşılamalıdır.
Belə versiya xüsusi olaraq seçilmiş metallik boyalar palitrasına, eksklüziv nişanlara və almaz cilalanmalı 22-düymlük təkər disklərinə malikdir. Xüsusi nəşrin interyer tərtibatında 10 xətli inkrustasiyası olan təbii qara ağcaqayın ağacının şponundan istifadə olunur. Bu inkrustasiya Britaniyanın güc mərkəzi olan Vestministerdəki Dauninq strit, 10 ünvanında yerləşən baş nazirin iqamətgahına işarədir.
Əlbəttə ki, ofrouderin təchizatına daxil olan Meridian 3D və panoram damı da unutmaq olmaz. Güc aqreqatlarına gəldikdə isə, xüsusi nəşrin sifarişçiləri D300 dizel, P380 benzin mühərriklərini və ya P460e plagin hibrid qurğusunu seçə bilərlər.
.© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









