Red Bull Advanced Technologies (RBAT) bölməsi Red Bull Racing qrupunun mühəndislik qanadıdır. Bu bölmə Aston Martin şirkəti ilə birlikdə Valkyrie və Valhalla modellərinin yaradılmasında iştirak edib. Bu layihələrdə qazanılan təcrübədən bölmə öz hiperkarını yaratmaq üçün istifadə edecəkdir.

Hiperkar tamamilə Milton Kinsdəki RBAT Texniki Mərkəzində hazırlanacaq və onun tirajı 50 nüsxə ilə məhdudlaşacaqdır. İstehsalın başlanması 2025-ci ilə planlaşdırılır və alıcılar avtomobil üçün ən azı beş milyon funt-sterlinq ödəməli olacaqlar.

İkiyerli trek hiperkarı RB17 adlandırılacaq və onun üzərində avtoidmanın tarixindəki ən uğurlu konstruktorlarından biri olan Ədrian Nyui çalışacaqdır. Hiperkarın əsasını karbondan hazırlanmış “vanna” təşkil edəcək, üstəlik o, seriya avtomobillərində istifadə olunan ən qabaqcıl qraund-effekt sistemini alacaqdır.

RB17 modelini 1115 at qüvvəsinin üzərində gücə malik olan və V8 mühərrikinə əsaslanan hibrid güc qurğusu hərəkətə gətirəcəkdir. RBAT bölməsinin bildirdiyinə görə, belə səviyyəli texnologiya və dizayn əvvəllər nə entuziastlar, nə də ki, kolleksiyaçılar üçün əlçatan olmayıb.

Hiperkar sahibləri həmçinin Reb Bull Racing formula komandasının tədbirlərində iştirak etmək imkanına malik olacaqlar. Onlar yarış simulyatorlarına, avtomobilin layihələndirilməsi proqramına və treklərdə keçiriləcək təlimlərə çıxış əldə edəcəklər.

RB17 hiperkarına texniki xidmət RBAT bölməsi tərəfindən həyata keçiriləcəkdir. Özü də xidmətin qrafiki "istismar profili" nəzərə alınmaqla, hər bir maşın üçün ayrıca tərtib ediləcəkdir. Milton Kinsdə seriya hiperkarını buraxmaq üçün, əlavə yüz nəfər yüksək ixtisaslı mütəxəssisin cəlb olunacağı bildirilib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.