Şübhəsiz ki, ayın 14-də işinə başlayan Paris avtosalonun əsas premyerası Renault 4 E-Tech seriya elektrik krossoveridir. O, fransız brendinin yeni retro seriyasına qoşulan ikinci elektromobildir. Xatırladaq ki, bu seriyanın ilki Renault 5 hetçbeki olub. Hər iki avtomobil keçmişin müxtəlif avtomobillərinin üslubunda dizayna malikdir və əvvəllər CMF -B EV adlanan vahid AmpR Small platformasına əsaslanırlar.
Yeni Renault 4 E-Tech, 1961-1994-cü illər arasında 8,1 milyon nüsxədə satılan, kütləvi şəkildə istehsal edilmiş Renault 4 modelinin üslubunda dizayna malikdir. Elektrokar həmçinin hündür bucaqlı kuzovu, yuvarlaq faraları və arxa dam dirəklərinin fərqli dizaynı ilə seçilir.
Müasirliyin əlamətlərinə radiator barmaqlığını əvəzləmiş boş panel (bu, eni 1,45 metr olan bütöv detaldır), rənglənməmiş plastikdən hazırlanmış iri kuzov dəsti və qara dekor aiddir. Komplektasiyadan asılı olmayaraq, krossover 18-düymlük təkər diskləri ilə təchiz olunur, bəyan edilmiş klirens isə, 181 millimetrdir.
Yeni Renault 4 E-Tech krossoveri tarixi əcdadından və hətta müasir Renault 5 hetçbekindən nəzərəçarpacaq dərəcədə böyükdür: onun uzunluğu 4,14 metr ("beşlik"dəki 3,92 metrə qarşı), eni - 1,8 metr (1,77 metrə qarşı) , hündürlüyü isə, 1,57 metrdir (1,50 metrə qarşı).
Yeniliyin təkər bazası Renault 5 modelindəki 2,54-ə qarşı 2,62 millimetrdir. Orijinala başqa bir istinad əlavə ödəniş müqabilində təklif olunan sürüşərək açılan parça damdır: indi belə seçimi yalnız bir neçə model təklif edir.
Bununla belə, yeniliyin interyeri minimal dəyişikliklərlə Renault 5 hetçbekindən götürülüb. Bütün salonda, o cümlədən qapılar və ön paneldə parça ilə tərtibatdan geniş istifadə olunub. Sürücünün qarşısında cihazlar panelinin (konfiqurasiyadan asılı olaraq 7,0 və ya 10,1 düym) və media sisteminin (10,1 düym) ekranları var.
Transmissiyanın selektoru sükan sütununda, simsiz doldurma paneli isə, mərkəzi tuneldə yerləşib. Krossover, gözlənildiyi kimi, qohum hetçbekindən daha genişdir, onun baqaj bölməsinin tutumu 326 litrdən 420 litrə qədər artırılıb (döşəmə altındakı 35 litrlik dərinlik də daxil olmaqla).
Renault 4 E-Tech elektrik krossoveri iki versiyada təklif olunur, hər ikisi də yalnız ön ötürməlidir. Daha ikiçik Urban Range 120 at qüvvəsi və 225 Nm hasil edən elektrik mühərriki ilə təchiz olunub, dartma batareyasının tutumu 40 kilovat/saat, təchiz olunmuş çəkisi isə, 1410 kiloqramdır.
Comfort Range versiyası 150 at qüvvəsi və 245 Nm hasil edən mühərriki, həmçinin tutumu 52 kilovat/saata qədər artırılmış batareya ilə təchiz edilir. Bu krossover 100 km/saat həddinə 8,5 saniyəyə sürətlənməyə və 150 km/saat maksimal sürətə çatmağa qadirdir.
Kiçik versiyanın yürüş ehtiyatı 300 kilometr, böyüyünün isə, 400 kilometrdir (WLTP dövrünə əsasən). Bort çeviricisi 11 kilovatlıq gücə malikdir, DC terminalı (müxtəlif versiyalar üçün 80 və 100 kilovatlıq) isə, batareyanı 30 dəqiqə ərzində 15-dən 80% -ə qədər doldurmağa imkan verir.
Renault 4 E-Tech krossoverləri Fransada istehsal olunacaq, onların satışı isə, 2025-ci ilin martına planlaşdırılır. Qiymətlər də həmin zaman açıqlanacaq. Fransada müvafiq Renault 5 hetçbekinin qiyməti 24 min avrodan başlayır, daha böyük krossover isə, nəzərəçarpacaq dərəcədə baha olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.