Renault şirkəti Renault 4 modelinin müasir təfsirinə bənzəyən avtomobilin dizaynını Avropa patent orqanlarında qeydiyyatdan keçirib. Retro üslubunda eksteryer dizaynına malik olan avtomobilin patent təsvirlərini Autovisie.nl saytı tərəfindən dərc edilib. Təsvirlərdən göründüyü kimi, klassik avtomobil elektrik krossoveri formasında yenidən canlandırılacaqdır.
Xatırladaq ki, fransız istehsalçısı bu ilin yanvar ayında 5 Prototype adlı nostaljik konsepti nümayiş etdirib. İndi isə, Renault şirkəti yenidən canlandırılmış ikinci modeli təqdim etmək niyyətindədir. Bu, 1961-1994-cü illərdə buraxılmış Renault 4 (Quatrelle) modelidir. Xatırladaq ki, klassik Quatrelle modeli səkkiz milyondan artıq nüsxədə buraxılıb ki, bu da onu təkcə Avropada deyil, həm də digər bazarlarda satılan ən kütləvi avtomobillərdən biri edir.
Nəşrin bildirdiyinə görə, patent ərizəsi keçən ilin noyabr ayında verilsə də, təsvirlər yalnız indi üzə çıxıb. Təsvirlərdən də göründüyü kimi, müasir model sələfinin bir sıra cigilərini qoruyub-saxlayıb. Bunlara misal kimi, uzun kapotu, güclü mailliyi olan arxa dayağı, bütöv paneldə quraşdırılmış fənərləri, şaquli arxa işıq texnikasını, habelə ön və arxa bamperlərdəki detalları göstərmək olar.
İlkin məlumatlara görə, Quatrelle yığcam krossover şəklində zühur edəcəkdir. Sonradan krossoverə kommersiya furqonu da qoşulacaqdır. Elektrokarın necə adlandırılacağı hələlik məlum deyil. Rusiyanın “Avtorevyu” nəşri modelin 4Ever adlandırılacağını iddia edir. Bu ad bir müddət bundan öncə Renault şirkəti tərəfindən patentləşdirilib.
Orijinal Renault 4 modeli
Elektrik krossoverinin debütü bu ilin payızında baş tuta bilər. Əvvəllər Reanult şirkəti original modelin 2021-ci ildə keçiriləcək 60-illik yubileyinə xüsusi sürpriz hazırladığını bildirmişdi. Fransız istehsalçısı 2025-ci ilə qədər 14 vacib modeli buraxcağına söz verib ki, onların arasında yeddi elektrokar, habelə C və D seqmentindən olan yeddi avtomobil olacaqdır.