Renault şirkəti Alaskan pikapının seriya variantının təqdim ediləcəyi tarixi açıqlayıb. Yeni pikapın təqdimat mərasimi bu ayın son günü, 30 iyun tarixində Medelyin şəhərində keçiriləcəkdir. Xatırladaq ki, Renault şirkəti Alaskan pikapının carçısı olan eyniadlı konsepti 2015-ci ilin payızında keçirilən beynəlxalq Frankfurt avtomobil sərgisində nümayiş etdirmişdi.
Bildiyimiz kimi, yeni pikap Renault-Nissan ittifaqının birgə çalışmasının nəticəsi olaraq Nissan NP300 Navara modelinin platformasında hazırlanmışdır. Yaxın vaxtlarda bu arxitekturada hazırlanacaq Mercedes-Benz GLT pikapı da işıq üzü görməlidir. Yeni Renault Alaskan pikapının əsas xüsusiyyətləri hündür klirensin və etibarlı şassinin, həmçinin qənaətcillik olmasıdır.
Fransız istehsalçısı Renault Alaskan haqqında geniş məlumat verməkdən imtina etmişdir. Çox güman ki, yeni pikap 163 at qüvvəsi gücü olan 2.3-litrlik dizel mühərriki ilə təchiz ediləcəkdir.
Hal-hazırda avtomobilin standart olaraq tam ötürməli çəkiş sistemi ilə təchiz edilib-edilməyəcəyi naməlumdur.

İstehsalçı yalnız yeni pikapın konseptual modelə çox bənzəyəcəyini bildirmişdir. Xatırladaq ki, bu pikap Renault şirkətinin istehsal etdiyi ilk pikap deyil. Fransız istehsalçısının model xəttində Renault Duster krossoverinin əsasında istehsal edilən Renault Duster Oroch pikapı mövcuddur.
Sonuncu avtomobil ancaq Cənubi Amerika bazarında satılsa da, Alaskan pikapı bütün bazarlarda satılacaqdır.
