Bu gün Moskvada keçirilən xüsusi tədbirdə Renault Arkana modelinin seriya versiyası təqdim edilib. Yeni kupe-krossover iki güc aqreqatı, öndən və tamçəkişli ötürmə, həmçinin iki variator ilə təklif ediləcəkdir. Kupe-krossun Edition One adlı başlanğıc versiyasına artıq Rusiyada sifarişlər qəbul edilir.
Renault Arkana standart olaraq 114 at qüvvəsi və 156 Nm fırlanma anı hasil edən 1,6-litrlik atmosfer mühərriki ilə təklif ediləcəkdir. Bu mühərriki hər iki ötürmə növü, mexaniki qutu və ya variator ilə sifariş etmək olar. Öndənçəkişli versiya mexaniki qutu və variator ilə təklif edilsə də, tamötürməli variant yalnız 6-pilləli mexaniki qutu ilə təchiz ediləcəkdir.
Arkana modelinin mühərrik çeşidinə daxil edilmiş ikinci aqreqat isə, Daimler konserni ilə birlikdə hazırlanmış 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1,3-litrlik turbomühərrikdir. Turbomühərrik ilə təchiz edilən avtomobilər hər iki ötürmə növü və variator ilə təchiz ediləcəkdirlər. Yeni turbomühərrik İspaniyada istehsal edilir.
Renault Arkana modelinin əsasını 55% yeni komponentlərdən ibarət olan Global Access (B0) platforması təşkil edir. Kupe-kross gücləndirilmiş kuzova, yeni sükan elektrik gücləndiricisinə malikdir. Arkana modeli üçün yeddi kuzov rəngi və üç növ 17-düymlük təkər diskləri nəzərdə tutulub. Krossoverin təhlükəsizliyinə altı təhlükəsizlik yastığı ( iki ön, iki yan və iki pərdə) cavabdehdir.
Renault Arkana modelinin təchizat siyahısına 8-düymlük sensorlu displeyi olan, Apple CarPlay, Android Auto və Yandeks.Auto tətbiqlərini dəstəkləyən Easy Link multimedia sistemi, , açarsız giriş, dairəvi müşahidə sistemi və kor zonalara nəzarət funksiyası daxil edilib. Krossoveri səkkiz dinamiki, gücləndiricisi və sabvuferi olan səs sistemi ilə də təchiz etmək olar.
Arkana modelinə sifarişlər artıq qəbul olunur. Yeni modelin Azərbaycandakı satışlarına avqust ayında başlanmalıdır.