Bir müddət bundan əvvəl Renault qrupu “Yeni dalğa” adlanan yeni strategiyasını təqdim etmişdi. Bu gün debüt edən Austral krossoveri, yeni dizayna və zəngin avadanlığa malik olan avtomobillərin buraxılmasını nəzərdə tutan bu proqramın ilk nümayəndəsidir.

CMF-CD3 platformasında inşa edilmiş krossover Renault markasının Avropadakı model xəttində Kadjar modelini əvəzləyib.

Renault Austral modelinin uzunluğu 4510 millimetr, eni - 1825 millimetr, hündürlüyü isə 1618 millimetrdir. Avtomobilin oxları arasındakı məsafə 2667 millimetr təşkil edir. Beləliklə, Austral Kadjar modelindən 60 millimetr uzun, 18 millimetr hündür və 15 millimetr ensizdir. Təkər bazası da 60 millimetr genişlənib.

Baqaj bölməsinin həcmi, bərkidilmiş və ya 160 millimetr diapazonunda hərəkət edən oturacaqlardan (60:40 nisbətində bölünən) asılı olaraq, 500-575 litr arasında dəyişir. Plagin hibridin baqaj bölümü bir qədər kiçikdir – müvafiq olaraq 430 və 555 litr. İkinci cərgənin qatlanması halında bu rəqəm 1525 litr təşkil edir.

Tamötürməli krossover tam idarəolunan 4Control Advanced şassisinə malikdir – 50 km/saat həddinə qədər sürətlərdə arxa təkərlər ön təkərləri ilə əks istiqamətdə 5 dərəcəlik bucaq altında dönürlər, 50 km/saat üzərindəki sürətlərdə isə arxa təkərlər ön təkərlər ilə eyni istiqamətə dönürlər.

Austral modelinin bütün mühərrikləri elektrikləşdiriliblər. Baza krossoveri 130 at qüvvəli 1,2-litrlik “turboüçlük” və 48-voltluq Mild Hybrid Advanced startyor-generatoru ilə təchiz edilir. Belə krossoverlər yalnız 6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif olunurlar.

Növbəti 1,3-litrlik dördsilindrli turbomühərrik 12-voltluq Mild Hybrid Advanced startyor-generatoruna malikdir. Mexaniki transmissiyalı versiya 140, X-Tronic variatoru ilə təchiz edilmiş versiya isə 160 at qüvvəsi hasil edir.Hər iki halda fırlanma anı 270 Nm-dir.

Modifikasiya çeşidinin zirvəsində Renault Austral E-Tech plagin hibridi durur. Kapotun altında 1,2-litrlik mühərrik yerləşir. Mühərrik sinxronizatorları və muftası olmayan üçvallı qutu ilə birləşdirilib. Belə krossover elektrik rejimində hərəkətə başlayır – mühərrikin boş dövrlərdə işləməsi nəzərdə tutulmayıb, o hərəkət başlayandan sonra qoşula bilər. İki güc variantı nəzərdə tutulub – 160 və 200 at qüvvəli.

Austral E-Tech 40 volt gərginliyi ilə işləyən 1,7 kilovat-saatlıq batareyaya malikdir. Pasport üzrə yanacaq sərfiyyatı 100 kilometrə 4,6 litrdir. Dizel aqreqatları nəzərdə tutulmayıb.

Renault Austral zəngin avadanlığa malikdir: krossoverin təchizatına matrisa fənərləri, dairəvi görüntü sistemi, 12,3-düymlük virtual cihazlar paneli, 12-düymlük sensorlu ekranı olan OpenR Link multimedia sistemi və 9,3-düymlük proyeksiya displeyi daxildir. Əlbəttə ki, müasir elektron yardımçılarsız da ötüşməyib – onların sayı 32-dir. Austral modelinin top versiyası 20-düymlük disklərə, Nappa dərisi, zamşa, yumşaq plastik və ağac şponu ilə tərtib edilmiş salona malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, salonda Mercedes-Benz avtomobillərində olduğu kimi, transmissiyanın sükanaltı dəstəyi quraşdırılır. Bununla belə, şüşəsilənləri idarə edən ənənəvi dəstək yerində qalıb, odur ki, ikipedallı Austral modelində sükanın sağ tərəfində iki dəstək var. 

Sükan çarxında hərəkət rejimlərini dəyişən MultiSense sisteminin düyməsi peyda olub. Standart olaraq, krossover dörd hərəkət rejiminə malikdir – Eco, Comfort, Sport və fərdi Perso. Lakin Extended Grip ofroud paketini sifariş etmək olar – bu zaman, Snow və All Roads rejimləri əlavə olunurlar.

Renault Austral modeli Esprit Alpine idman paketi təklif edilən ilk Renault avtomobili olacaqdır. Funksional olaraq, bu mövcud olan modellərdəki RS Line paketidir. İdman paketi dəyişdirilmiş radiator barmaqlığını, qara dekoru, 20-düymlük diskləri, salondakı mavi tikişləri, “karbonplastik” dekoru və pedalların metaldan örtmələrini ehtiva edir.

Renault Austral modelinin istehsalı İspaniyanın Palensiya şəhərindəki zavodda təşkil ediləcəkdir. Hazırda burada Kadjar modelini buraxırlar. Yeni krossoverin Avropadakı satışlarına cari ilin dördüncü rübündə başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.