Renault şirkətinin Austral adlı krossoveri təqdim edəcəyi barədə məlumat vermişdik. Bu gün fransız istehsalçısı yeni krossoverin seriyaöncəsi versiyasının şəkillərini dərc edib. Doğrudur, krossover hələlik kamuflyajdadır və onun sınaqlarının son mərhələsinə başlanıb. Bu sınaqlar zamanı avtomobil iki milyon kilometr məsafə qət etməlidir ki, bu məsafənin də 600 min kilometri Fransa, Almaniya, İspaniya və Rumıniyanın yollarının payına düşüb.

Xatırladaq ki, Austral adı bir ay bundan öncə açıqlanıb və bu ad nə astral, nə də Avstraliya ilə bağlıdır. Əslində “avstral” – cənublu mənasını daşıyır: latin dilində “australis” sözü “cənub” mənasındadır. Bu ad Avropada satılan Renault Kadjar modelinin varisinə qismət olacaqdır. Kadjar modeli o qədər də uğurlu olmayıb və Renault marketoloqları onun varisi üçün başqa ad seçmək qərarına gəliblər.

Zahiri cəhətdən Austral modeli Renault Megane E-Tech elektrik krossoverinə bənzər olacaqdır. Lakin “Cənublu” daha hündür kuzova və ənənəvi qapı dəstəklərinə sahib olacaqdır. “Qacar” modelinin formatı qorunub saxlanacaqdır: yeni model C sinifindən olan beşyerli krossoverdir, lakin onun uzunluğu 4,45 metrdən 4,5 metrə qədər artacaqdır. Hətta Nissan ilə texniki bənzərlik də qorunacaqdır, çünki Austral üçüncü nəsil Qashqai modelindən götürülmüş modernləşdirilmiş CMF-CD3 platformasına əsaslanacaqdır.

Renault Austral modelinin mühərrik çeşidinə müxtəlif mürəkkəblik dərəcəsinə malik olan hibrid güc qurğuları daxil ediləcəkdir. Baza krossoveri 12-voltluq startyor-generatoru olan 1,3 Tce turbomühərriki ilə təklif olunacaqdır. Növbəti hibrid 1,2 TCe və 48-voltluq startyor –generatorun tandemidir. Çeşidin ən yüksək pilləsində isə 200 at qüvvəli tam ölçülü E-Tech hibridi qərarlaşacaqdır.

Renault Austral modelinin bu ilin yazında debüt edəcəyi gözllənilir. Təxmnən bir il sonra daha iri Koleos modelinin varisi debüt etməlidir. Çox güman ki, bu krossoverə də yeni ad veriləcəkdir. 2024-cü ildə isə ailənin üçüncü modeli işıq üzü görməlidir – bu, cari model çeşidində bənzəri olmayan  RHN kod adlı kupeşəkilli krossoverdir. Hər üç krossover hazırda Kadjar modelinin buraxıldığı Palensiya (İspaniya) şəhərindəki zavodda istehsal ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.