Renault şirkəti 2021-ci model ilinin Captur modelini təqdim edib. Krossoverin mühərrik çeşidinə yenidən baxılıb və dizel mühərriklərindən imtina edilib. Eyni zamanda, krossover yeni RS Line “idman” versiyasını əldə edib.
2021-ci model illinin Renault Captur krossoverinin mühərrik çeşidinə 90 və 140 at qüvvəli benzin aqreqatları, habelə 100 at qüvvəli ikiyanacaqlı TCe 100 LPG mühərriki daxildir. Güc aqreqatları mexaniki transmissiya və preselektiv “robot” ilə tandemdə çalışırlar. Bundan başqa, Captur modeli160 at qüvvəli qoşulan hibrid qurğu ilə də təklif edilir. Daha sonra, adi hibrid qurğu da peyda olacaqdır. Eyni zamanda, Captur 95 və ya 114 at qüvvəsi hasil edən iki 1,5-litrlik dizel mühərriklərindən məhrum olub.
RS Line versiyasına gəldikdə isə, “idman” versiyası fərqli naxışlı tora məxsus hava girişləri olan yeni bamper, səsboğucu sistemin trapesiya formalı çıxış boruları, orijinal dizaynı olan 18-düymlük təkər diskləri və krossoverin “mənsubiyyətini” göstərən loqotiplər ilə digərlərindən seçilir. Captur RS Sport modelinin avadanlıq siyahısına 10-düymlük virtual cihazlar paneli, arxa görünütü kamerası, park sensorları və smartfonların simsiz doldurma meydançası daxildir.
İnteryerin tərtibatında parlaq qırmızı vurğulara üstünlük verilir: qırmızı haşiyələri dəlikli dəri ilə örtülmüş oturacaqlarda, sükan çarxında və transmissiyanın dəstəyi, havalandırma sisteminin deflektorlarında və qapılarda görmək olar. Ön paneldə karbon görünüşlü dekorativ işləmələr var.
Avropada yeni modelin qiymətləri 21.750 avrodan başlayır, Captur RS Line minimum 28.400 avroya, təkrar doldurulan hibrid isə 34.850 avroya satılır. Model cərgəsindəki ən bahalı avtomobil, 38.550 avroya satılan Captur E-Tech Plug-in 160 Initial Paris top versiyasıdır.