Avropda yaşayan insanlar üçün ətraf mühitin təmizliyi və ekoloji vəziyyət böyük önəm daşıyır. Bu səbəbdən də, iri istehsalçılar öz model xəttində ən azından adi hibrid və qoşulan hibridlərin olmasına çalışırlar. Əlbəttə, bizim insanların da əksəriyyəti yavaş-yavaş ekoloji vəziyyətin gül kimi olmadığını anlamaya başlayıblar. Lakin, müəyyən kateqoriya insanlar vardır ki, mütərəqqi addımları atmaq istəyən şəxsləri “kasıbın belinin qıracaqları” ilə hədələyərək, onları hədəflərindən şaşırmağa çalışırlar.
Yuxarıda qeyd etdiyim kimi, avropalılar və Avropa dövlətlərinin hakimiyyət orqanları ekologiya məsələsində çox maraqlıdırlar. Sonuncular, hətta getdikcə ekoloji tələbləri sərtləşdirməyə başlayıblar. Belə bir şəraitdə ekoloji təmiz avtomobillərə tələbatın artması labüddür. Artıq Renault şirkəti Avropda populyar olan Captur krossoverini qoşulan hibridə çevirməyə qərar verib. Lakin, bu barədə məlumatla bölüşməyib.
Lakin, qurddan-quş olan jurnalistlər bu sirrin üstünü açıblar. "Automobile Magazine" nəşri Renault Captur modelinin qoşulan hibridinin xarakteristikalarını dərc edib. Renault Captur PHEV modelinin güc qurğusu 90 at qüvvəsi hasil edən 1,6-litrlik atmosfer benzin mühərrikinin əsasında yaradılıb. Aqreqatın hibrid hissəsi 70 at qüvvəli elektrik mühərrik və startyor-generatordan ibarətdir. Hibrid güc qurğusunun ümumi hasilatı 160 at qüvvəsidir. Elektromotor 9,8 kVs-lıq batareyadan qidalanır. Bu, Renault Captur PHEV modelinə elektrik ötürməsi ilə 45 km qət etmək imkanı verəcəkdir.
Hibrid qurğulu Renault Captur modelinin 2020-ci ildə satışa çıxarılacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Captur modeli ilə bizim bazarda satılan Kaptur modelini qarışdırmaq olmaz. Çox güman ki, “bizim” Renault Kaptur modelini yaxın zamanlarda elektrikləşdirmək planlaşdırılmır. Yəqin ki, fransızlar da "kasıbın belini qırmaq" ittihamı ilə qarşılaşmaqdan qorxub-çəkinməyə başlayıblar.