Renault şirkəti öz model cərgəsinin ən kiçik «qaynar» hetçbeki olan Clio RS modelinin daha güclü variantını hazırlamışdır. Bu barədə məlumatı məşhur Carscoops saytı dərc etmişdir. «Qaynar» hetçbekin yeni variantının buraxılacağı haqqında xəbəri Renault şirkətinin zavoddaxili tuninq atelyesi olan Renault Sport bölümü də təsdiq etmişdir. Özünün Twitter sosial şəbəkəsindəki səhifəsində, Renault Sport bölməsi modelin ilk tizerini dərc edərək, onun Formula 1 çempionatının Monakoda keçiriləcək mərhələsində təqdim ediləcəyini bildirmişdir.
26 - 29 may tarixlərində keçiriləcək Qran Pridə təqdim ediləcək Renault Clio RS avtomobilinin ən güclü variantı adi modeldən aerodinamik kuzov dəsti, genişləndirilmiş təkər tağları və iri arxa antiqanaqla seçiləcəkdir. Avtomobilin salonunda taxometrin işıqları quraşdırılmış sükan çarxının haşiyəsini də görmək mümkün olacaqdır.
Təsdiq edilməmiş məlumatlara əsasən, KZ 01 indeksini almış avtomobil Megane RS modelindən alınmış mühərrik və mexaniki sürətlər qutusu ilə təchiz edilə bilər. Digər bir ehtimala görə, avtomobil 271 at qüvvəsi gücü olan 2,0-litrlik turbomühərriklə təchiz ediləcəkdir. Lakin, gücü 250 at qüvvəsinə qədər artırılmış 1,6-litrlik turbomühərrikin də Clio RS modelinin kapotu altında peyda olacağı da istisna deyildir. Renault Clio RS modelinin standart variantında bu mühərrik 200 at qüvvəsinə, Trophy variantında isə 220 at qüvvəsinə malikdir.
Çox güman ki, monakoda göstəriləcək avtomobil seriya öncəsi prototip olacaqdır. Renault şirkəti bu avtomobili 500 nüsxəni keçməyən məhdud tirajla da buraxa bilər.