Azərbaycan bazarında Renault Duster kimi tanınan Dacia Duster krossoverinin növbəti nəsli yeddi sərnişin üçün nəzərdə tutlmuş kuzovla buraxılacaqdır. Bu barədə şirkətin daxilindəki mənbələrinə istinadən “Auto Express” nəşri xəbər yaymışdır. Növbəti nəsil hazırki avtomobilin təkmilləşdirilmiş bazasında yaradılıcaqdır. Eyni zamanda, iki oturacaq cərgəsinə malik olan standart krossoverin uzunluğu 4315 millimetrdən 4500 millimetrə qədər uzadılacaqdır.
Grand Duster adını alacaq yeddi yerlik krossover adi krossoverdən təxminən 200 millimetr uzun olacaqdır. Beləliklə, Dacia Grand Dusterin uzunluğu 4700 millimetr təşkil edəcəkdir. Qatlanmış arxa cərgələrlə baqaj bölümünün həcmi 650 litrə bərabər olacaqdır.
Növbəti nəsil Duster modelinin mühərrik çeşidinə yeni 125 at qüvvəli 1,2-litrlik turbomühərrik daxil olacaqdır. Hazırki 1,5-litrlik dizel mühərriki 130 at qüvvəli 1,6-litrlik güc aqreqatı ilə əvəzlənəcəkdir. Renault şirkətinin şef-dizayneri Lorens van der Aker Dacia Duster modelinin növbəti nəslinin 2017-ci ildə debüt edəcəyini bildirmişdir.
Bizim bazarda Duster modeli 102 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki və altı pilləli mexaniki sürətlər qutusu və tam ötürməli çəkiş sistemi ilə təchiz edilmiş “Expression” təchizat səviyyəsində satılır.
