Hazırda Renault şirkətinin təklif etdiyi ən əlçatan model Kwid krossoveri sayılır. Qeyd etmək lazımdır ki, bu krossover sərfəli qiymətə olmasına baxmayaraq, Hindistan istisna olmaqla, digər bazarlarda o qədər də populyarlıq qazanmayıb. Hindistan bazarında modelin yeni rəqiblərinin təqdim edilməsi fransızları krossoveri yeniləməyə məcbur edib.
Yenilənmiş Renault Kwid bir ay bundan əvvəl təqdim edilmiş City K-ZE elektrik krossoverinin üslubunda eksteryerə malik olub. Yenilənmiş model ikimərtəbəli LED işıq texnikasına, dəyişdirilmiş arxa bamperə və 3731 mm uzunluğunda kuzova malik olub. Avtomobilin klirensi də 185 mm qədər artırılıb. Bundan sonra Kwid modeli 14-düymlük təkər diskləri ilə təchiz ediləcəkdir.
Ən böyük dəyişikliklər avtomobilin salonunda baş verib: model yeni oturacaqlar, ön panel, multimedia sistemi və sükan ilə təchiz edilib. Rəqəmsal cihazlar panelinin qrafikası dəyişdirilmiş, spidometrin sol tərəfində taxometrin şkalası peyda olmuşdur. Bundan başqa, multimedia sisteminin 7-düymlük displeyini 8-düymlük ilə əvəzlənmiş, sistem Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir.
Avtomatik transmissiyanın selektoru isə konsoldan mərkəzi tonnelə köçüb. Opsiyalar siyahısına parktronik və arxa görüntü kamerası daxil edilibdir. Bundan başqa, fransız şirkətinin Hindistan filialı tərtibat materiallarının keyfiyyətinin yükəsldildiyi də bildirib.
Texniki cəhətdən dəyişiklik olmayəb: avtomobil əvvəlki kimi 54 at qüvvəli 0,8 və 68 at qüvvəli 1,0 litrlik üçsilindrli benzin mühərrikləri ilə təchiz edilir. Güc aqreqatları standart olaraq 5-pilləli mexaniki qutu ilə təklif edilir. 1,0-litrlik mühərriki birmuftalı Easy-R “robotu” ilə də sifariş etmək olar.