Formula 1 üzrə növbəti dünya çempionatının başlanmasına bir neçə gün qalmış Renault komandası bu mövsümdə istifadə edəcəyi rəngləri təqdim etmişdir. Xatırladaq ki, komandanın təşkil etdiyi ilk təqdimat mərasimi zamanı avtomobil tam olaraq qara rəngə boyanmışdı və sarı rəngli elemetlərə malik idi. Bu dəfə isə, örtük qaldırıldıqdan sonra biz bunun tam əksinin şahidi olduq - Melburnda təqdim edilən bolid əsasən sarı rəngə boyanmışdır və qara rəngli elementlərlə malikdir. Renault RS16 bolidinin rənglənməsi üçün parlaq sarı rəngdən deyil, bu rəngin mat çalarından istifadə edilmişdir. Bu rəngin tətbiq edilməsi nəticəsində 0,5 kiloqram çəkiyə qənaət edilmişdir.
Siril Abitebul, Renault Sport Racing komandasının rəhbəri: «Biz yeni rəng çalarlarını Melburnda təqdim etmək qərarına gəlmişdik və bunu qeyri-adi tərzdə həyata keçirməyi planlaşdırmışdıq. Bizim Formula 1 çempionatındakı əsas məqsədimiz çoxlu xal toplamaqla yanaşı, diqqətləri maksimal olaraq üzərimizə çəkməkdir. Bu səbəbdən də biz serfinqlə olan ideyanı fikirləşdik. Bildiyimiz kimi, serfinq Avstraliya ilə təcəssüm edilir.
Sarı və qara rənglər təkcə Renault şirkətinin korporativ rəngləri deyil, o həmçinin bizin Formula 1 yarışlarındakı tariximizi və ənənələrimizi təmsil edir. Xatırladım ki, 1977-ci ildə bu yarışlarda iştirak edən ilk Renaulr RS01 bolidi məhz sarı-qara rəngə boyanmışdır.
Renault Sport Cars və Renault Sport Racing arasında əlaqəni göstərmək üçün biz Renault Clio R.S Trophy avtomobilinə məxsus olan sarı mat rəngindən istifadə etmişik. Bundan əlavə, R.S.16 bolidinin treklərdə digərilərindən seçilməsi üçün bir neçə müasir həll üsullarında istifadə etmişik».












