Renault və Geely şirkətləri 2022-ci ilin əvvəlində əməkdaşlıq edəcəkləri barədə bəyanat vermişdilər və onların birlikdə həyata keçirdikləri ilk layihə Geely Monjaro krossoverinin qardaş modeli - Renault Grand Koleos krossoveri olmuşdu. İndi isə, fransız şirkəti özünün ən böyük modelini - Filante krossoverini Cənubi Koreyada təqdim edib. Məlum məsələdir ki, bu krossover Avropada satışa çıxarılmayacaq. Yeni model, rekorda imza atan prototiplərə istinad edən tarixi adı Çinin Geely şirkətinin texnologiyası ilə birləşdirib.
Renault Filante modelinin uzunluğu 4915, eni - 1890, hündürlüyü - 1635, təkər bazasının ölçüsü isə, 2820 millimetrdir. Krossoverin klirensi 201 millimetr, təkər disklərinin diametri isə, 19 və ya 20 düymdür. Filante mövcud olan bütün digər Renault modellərindən – Avropada satılan Austral, Espace və Rafale modellərindən, eləcə də yuxarıda adı çəkilən Grand Koleos modelindən daha uzundur.
Salonda üç 12,3 düymlük displey var, 25,6 düymlük proyeksiya ekranı isə, tamamlanmış reallıq xüsusiyyətlərinə malikdir. Məlumat-əyləncə sistemi Android sisteminə əsaslanır. Təchizat səviyyəsindən asılı olaraq, standart və əlavə avadanlıq siyahısına Arkamys və ya Bose audio sistemi, panoram dam və üçzonalı iqlimə nəzarət sistemi daxildir. Arxa oturacaqlar qatlandıqda baqaj bölməsinin həcmi 633-dən 2071 litrə qədər artır.
Renault Filante modeli Grand Koleos modelindən Geely və Volvo tərəfindən hazırlanmış CMA platformasını götürüb. Bu platformadan Geely Boyue L/Atlas modelləri, habelə Lynk & Co, Polestar və Volvo brendlərinin bəzi modellərində istifadə olunur. Ön tərəfdə MacPherson dayağı, arxa tərəfdə isə, çoxqollu asqı var. Renault E-Tech 250 hibrid güc aqreqatına 1,5-litrlik benzin turbomühərriki (150 at qüvvəsi, 250 Nm), iki elektrik mühərriki (136 at qüvvəsi, 320 Nm və 82 at qüvvəsi, 180 Nm), üç pilləli DHT Pro avtomatik transmissiyasından və 1,64 kilovat/saatlıq batareya daxildir. Sistemin ümumi hasilatı 250 at qüvvəsi və 565 Nm təşkil edir, lakin dinamik göstəricilər hələlik açıqlanmayıb.
Filante krossoveri Renault şirkətinin Cənubi Koreyadakı Busan zavodunda istehsal olunacaq və onun satışa mart ayında çıxması planlaşdırılır. Yeniliyin başlanğıc qiyməti 44,3 milyon von (təxminən 30.000 dollar) təşkil edir. Digər bazarlara çatdırılmaların gələn ilin əvvəlində başlanacağı gözlənilir. Avtomobil Cənubi Amerika və Fars körfəzi ölkələrində əlçatan olacaq, kupeyəbənzər Rafale krossoveri isə, fransız brendinin Avropadakı flaqmanı olaraq qalacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









