Dərgimizin Facebook sosial şəbəkəsindəki səhifəsini izləyənlər bu ayın əvvəlində Renault şirkətinin Rusiya nümayəndəliyinin dəvəti ilə Kareliyada təşkil edilmiş qış testlərinə qatılmağımızdan xəbərdardırlar. Üç günlük tədbir Renault markasının model cərgəsində olan krossoverlərin testlərini nəzərdə tuturdu.
Bu testlər bir qədər qeyri-adi şəkildə təşkil edilmişdi. Misal üçün, fransız markasının tam yeni avtomobili olan Koleos krossoverini yolsuzluq şəraitində sınaqdan keçirməliydik. Yolsuzluq şəraiti dedikdə çala-cuxurlu yollar deyil, dizə qədər qarla örtülmüş meşə yolları nəzərdə tutulurdu. Doğrudur, tədbirin ən maraqlı hissəsi Ladoqa gölünün donmuş səthində təşkil edilmiş ekstremal sürücülük kursları olsa da, təşkilatçıların əsas məqsədi Koleos modelinin mətbuat nümayəndələrinə təqdim etmək idi.
Qeyd etmək lazımdır ki, təşkilatçılar Kareliyaya Duster və Kaptur krossoverlərini də gətirmişdilər və sürücülük kurslarında əsasən bu iki modeldən istifadə edilirdi. Renault Duster modeli Azərbaycanda satıldığına görə, mənim üçün böyük maraq doğuran model Kaptur krossoveri idi.
Bildiyimiz kimi, Kaptur modelinin istehsalı fransız şirkətinin Rusiyanın paytaxtında yerləşən zavodunda təşkil edilmişdir.
Buz meydançasına gedən yol
Krossoverin qabarit uzunluğu 4333 millimetr, eni - 1813 millimetr, uzunluğu isə 1613 millimetrdir. Avtomobilin təkərlərarası bazasının uzunluğu 2674 millimetrə bərabərdir. Kaptur modelinin klirensi 204 millimetr təşkil edir. Onun giriş bucağı 20 dərəcə, eniş bucağı isə 31 dərəcədir.
Yeni krossoverin baqaj bölümünün həcmi 387 litr təşkil edir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1200 litrə qədər artır. Krossoveri həm ağ, həm də qara rəngə boyanmış dam, damda olan qrafik etiketlərlə, fərdiləşdirilmiş moldinqlər ilə sifariş etmək mümkündür.
Avtomobili həmçinin 16 və 17-düymlük təkər diskləri ilə də əldə etmək olar. Kaptur modelinin təchizatına 7,0 düymlük sensor ekranı, naviqasiya sistemi, Bluetooth funksiyası olan multimedia sistemi, ön şüşənin qızdırılması, oturacaqların isidilməsi, arxa görüntü kamerası, açarsız giriş və uzaqdan mühərriki işə salma sistemi daxildir.
Əsas məsələ aexa oxun sürüşməsinə nəzarət etməkdir. Ön oxun sürüşməsi yaxşı hal sayılmır
Kaptur modelinin mühərrik çeşidinə 114 at qüvvəli 1,6-litrlik və 143 at qüvvəli 2,0-litrlik benzin mühərrikləri daxil edilmişdir. 1,6-litrlik güc aqreqatı 5-pilləli, 2,0-litrlik mühərrik isə 6-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Ən zəif mühərrik mexaniki qutuya alternativ olaraq X-Tronic variatoru ilə də sifariş etmək olar. Daha güclü mühərrik üçün isə, avtomatik ötürmələr qutusu da nəzərdə tutulmuşdur. Renault Kaptur iki transmisiyya ilə təklif edilir - öndən çəkişli və tam çəkişli.
Fransız adaşından fərqli olaraq Rusiya bazarı üçün nəzərdə tutulmuş Kaptur modeli Duster modeli üçün istifadə edilən platformada yığılmışdır. Bu səbəbdən də rusiyalı Kaptur fransız adaşından daha iri ölçülərə malikdir. Müfaviq olaraq, avtomobil daha geniş salon təklif edir. Digər tərəfdən bir çoxlarının düşündüyü kimi, avtomobilin Rusiyada yığılması heç də onun kefiyyətsiz yığıldığına dəlalət etmir, əksinə, bu sahədə avtomobil heç də Avropalı qardaşından geridə qalmır.
Dizə qədər qar olan yerlərdə Duster nəyə qadir olduğunu əməli işi ilə sübut etdi
Baxmayaraq ki, gün ərzində avtomobilin sükanı arxasından düşmürsən, lakin avtomobilə lazımi qiymət vermək üçün vaxtın belə olmur - səbəb diqqətinin tamamilə fəndlər üzərində kilidləməndədir. Hətta elektron sistemlərin işinə belə qiymət vermək şansın da yoxdur.
Bu kurslarda istifadə etdiyimiz avtomobillərin ESP sistemi demək olar ki söndürülmüşdü - yəni onun müdaxilə həddi 80 km/saata qədər artırılmışdı. Eyni yolla tam çəkiş sisteminin də məcburi qapanması həddi də yüksəkdilmişdi. Müvafiq olaraq, sürücüyə ABS sistemindən başqa heç bir sistem yardım etmirdi - hər şey sənin reaksiyadan və bacarıqlaından asılı idi. Əlbəttə ki, ekstremal sürücük kurslarında istifadə etdiyimiz avtomobillərin hamısı tam çəkişli idi. Kursların əsas məqsədi dəvət edilmiş jurnalistlərə təhlükəli şəraitlərdən çıxmaq üçün gərək olan bilik və fəndlərin öyrədilməsi,həmçinin tam çəkiş sisteminin nələrə qadir olduğunu göstərmək idi.
Xüsusi ilə də peşəkar pilotlardan ibarət Renault təlimatçılar komandasının üzvlərini qeyd etmək istəyirəm. Onlar bütün bildiklərini kurs iştirakçılarına öyrətməyə can atırdılar, hətta, komandanın rəhbəri böyük təəssüf hissi ilə kurslara ayrılmış vaxtın azlığından danışırdı. Görünürdü ki, onlar da öz işlərindən böyük zövq alırdılar.
Continental İceContact2 şinləri buzda yüksək ilişməni təmin edirdi
İlkin olaraq biz buzlu yolda təcili əyləcləmə tapşırığından başladıq və maksimal gec əyləcləmə nöqtəsini özümüz üçün müəyyən etməliydik. Sonrakı elementlər isə avtomobilin arxa oxunun sürüşdürülməsi ilə döngələrə girərək yenidən sürətlənməni təmin etmək idi. Əlbəttə ki, buzda slalom hərəkətini yerinə yerirmək də birinci günün proqramina daxil idi. Daha bir maraqlı element davamlı amplitudalı sürüşmə ilə avtomobili uzun düzlükdə idarə etmək tapşırığı oldu.
Günortaya kimi davam edən təlimlərdən sonra biz yolsuzluq şəraitində avtomobilləri sınamağa yollandıq. Bu sınaqlarda iki ədəd yeni Renault Koleos krossoveri də iştirak edirdi. Qeyd etmək lazımdır ki, təşkilatçılar çox maraqlı marşrut tərtib etmişdilər. Hətta, qarda batmaq təhlükəsini aradan qaldırmaq üçün bizi xüsusi hazırlanmış Renault Duster ofroderi də müşayət edirdi. Marşrutun tam ortasında açıq ərazidə dayanmaq da nəzərdə tutulmuşdur ki, burada jurnalistlərə avtomobilləri istədikləri kimi idarə etmək şansı verildi.
Yəqin ki, hər kəsin qarda drift etməyə üstünlük verəcəyini anlamaq çətin deyildi. Nahardan sonra biz yenidən buz meydançasına yollandıq, və bu dəfə xüsusi olaraq hazırlanmış trekdə və cıdır meydançasında günün birinci yarısında öyrəndiklərimizi tətbiq edərək sürətli dövrələr vurmalıydıq.
Qarda çığır açmaq vəzifəsi xüsusi Duster modelinə həvalə edilmişdi
Kursların ikinci günü artıq xüsusi olaraq hazırlanmış treklərdə avtomobilləri idarə etməli olduq. Bu dəfə sahəni qət etmə vaxtı da ölçülür, təlimatçılar tərəfindən buraxılmış səhvlərin aradan qaldırılması üçün məsləhətlər verilirdi. Bildirmək istəyirəm ki, bu sayaq kurslarda ilk dəfə iştirak etməsəm də, buz üzərində ekstremal şəraitdə avtomobil idarə etmək şansını ilk dəfə qazanmışdım. Açığını deməliyəm ki, bundan əvvəlki kurslara nisbətən daha çox təcrübə əldə etdim.
Bununla belə, öncəki kurslarda əldə etdiyim bilik və fəndlər buz üzərindəki hərəkət elementlərini daha tez öyrənməyə böyük yardımı oldu.
Bildirmək istəyirəm ki, bu sayaq kursların mövcudluğu savadlı və təcrübəli sürücü kütləsinin sayının artırılmasına müsbət təkan verir.
Şərt yalnız sürüşkən yollarda avtomobili ram etmək məsələsi deyil, hətta adi şəraitdə də gözlənilmədən baş verən hadisəyə vaxtında reaksiya verərək düzgün qərarlar qəbul etməkdir. Təəssüflər olsun ki, azərbaycanlı sürücülər belə şansdan məhrumdular və yəqin ki, uzun müddət də məhrum qalacaqdırlar. Sonunda məqaləmi mənim müəllimim, dəfələrlə Belarusun ralli çempionu olmuş Sergey Oleqoviç Ovçinnikovun bir sözü ilə bitirmək istərdim: «səriştəli və peşəkar sürücü ekstremal şəraitdən çıxmağı bacaran deyil, əksinə o şəraitə düşməyəndir».
Bakı - Sankt-Peterburq - Bakı