Renault şirkəti Rusiya bazarında satılacaq Kaptur krossoverini Moskva şəhərində keçirilmiş mərasimdə təqdim etmişdir. Yeni krossoverin istehsalı fransız şirkətinin Rusiyanın paytaxtında yerləşən zavodunda təşkil ediləcəkdir. Renault Kaptur modelinin satışlarına bu ilin yayında başlanacaqdır. Krossoverin qabarit uzunluğu 4333 millimetr, eni - 1813 millimetr, hündürlüyü isə 1613 millimetr olacaqdır. Avtomobilin təkərlərarası bazasının uzunluğu 2674 millimetrə bərabərdir. Kaptur modelinin klirensi 204 millimetr təşkil edir. Onun giriş bucağı 20 dərəcə, eniş bucağı isə 31 dərəcədir. Yeni krossoverin baqaj bölümünün həcmi 387 litr təşkil edir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1200 litrə qədər artır.
Renault şirkətinin nümayəndəlirinin birdirdiyinə görə, avtomobilin komplektləşdiricilərinin çox hissəsi Rusiyada istehsal edilir. Bunlara kuzov detalları, salon elementləri, asqı və mühərriklər də daxildir. Avtomobilin hansı mühərriklər ilə təchiz ediləcəyinə aydınlıq gətirilməmişdir. Güman edilir ki, Kaptur modeli Renault-Nissan ittifaqının AvtoVAZ tərəfindən yığılan 1,6-litrlik və Duster modelinə quraşdırılan 2,0-litrlik benzin mühərriki ilə təchiz ediləcəkdir.
Bundan başqa, Renault nümayəndələri modelin hansı platformada yığıldığı barədə məlumat verməmişdirlər. Ehtimal olunur ki, avtomobil Duster, Sandero və Logan modellərinin istehsalında istifadə edilən B0 platformasında yığılacaqdır. Bu barədə avtomobilin Duster modeli ilə bənzərlik daşıyan təkər bazasının uzunluğu xəbər verir. Renault Kaptur səkkiz rəngə boyanacaqdır ki, bunların yeddisi metallik boyası olacaqdır.
Krossoveri həm ağ, həm də qara rəngə boyanmış dam, damda olan qrafik etiketlərlə, fərdiləşdirilmiş moldinqlər ilə sifariş etmək mümkün olacaqdır. Avtomobili həmçinin 16 və 17-düymlük təkər diskləri ilə də əldə etmək mümkündür. Krossoverin təchizatına 7,0 düymlük sensor ekranı, naviqasiya sistemi, Bluetooth funksiyası olan multimedia sistemi, ön şüşənin qızdırılması, oturacaqların isidilməsi, arxa görüntü kamerası, açarsız giriş və uzaqdan mühərriki işə salma sistemi daxildir.
Avtomobilin qiymətləri hələlik elan edilməmişdir. Renault Kaptur Rusiya bazarı ilə yanaşı, Azərbaycan, Belarus və Qazaxstan da daxil olmaqla bir sıra ölkələrdə də satılacaqdır.
Autograph dərgisinin televersiyasının çəkiliş komandası Renault Kaptur modelinin təqdimat mərasimində iştirak edib. Komandamız Moskvadan qayıdan kimi, mərasim haqqında ətraflı məlumat verəcəkdir.