Renault qrupu yeni futuREady inkişaf strategiyasını təqdim edib. Əsas məqsədlərindən biri universal və əlverişli modellərin buraxması sayəsində şirkətin qlobal bazarlardakı mövcudluğunu genişləndirməkdir. Fransızlar xüsusilə Hindistandakı mövqeylərini gücləndirməyi planlaşdırırlar və hətta Renault şirkətinin yerli çeşidində peyda olacaq yeni ucuz krossoverin - Bridger modelinin konseptual versiyasını nümayiş etdiriblər.

Renault Bridger konsepti ofroudlərə xas olan brutal dizaynı və təvazökar ölçüləri ilə seçilir. Prototipin uzunluğu dörd metrdən azdır və Renault stilistləri şaquli dayaqları və genişlənmiş trapesiya formalı qanadları olan bucaqlı kuzovu bu ölçüyə sığdırmağı bacarıblar.

Avtomobilin ön hissəsi parlaq radiator barmaqlığın və iki mərtəbəli faraların brutal kombinasiyasına malikdir. Təkər tağları və kandarlar qoruyucu plastikdən geniş tərtibata malikdirlər, arxa hissədə isə, tamölçülü ehtiyat təkəri olan taybatay açılan arxa qapı var. 

Avtomobilin klirensi qismən böyük 18 düymlük təkərlər sayəsində sanballı 200 millimetrə çatır.

Fransızlar hələlik konseptin interyerini açıqlamayıblar, lakin təvazökar ölçülər üçün müstəsna daxili genişlik vəd ediblər. Arxa sərnişinin ayaq zonasındakı məkan bu sinf üçün rekord sayılan 200 millimetr təşkil edir, baqaj bölməsinin həcmi isə, 400 litrdir.

Renault Bridger krossoverinin seriya versiyasının gələn il Hindistanda təqdim ediləcəyi bildirilib. Model, arxitekturası benzin, hibrid və elektrik mühərriklərinin inteqrasiyasına imkan verən RGMP Small platformasına (adı dəyişdirilmiş CMF-B) əsaslanacaq.

Bununla belə, Bridger krossoveri çox güman ki, yalnız daxili yanma mühərrikləri ilə təklif ediləcək və bu yaxınlarda təqdim edilən Hindistan üçün nəzərdə tutulmuş Renault Duster ilə eyni güc aqreqatlarını paylaşacaq. Yeni modelin əsas rəqibləri Hyundai Venue və Suzuki Brezza olacaq. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Renault Bridger istehsalı Hindistanda yerləşdiriləcək, lakin onun satış coğrafiyası daha geniş olacaq: fransız şirkəti modeli Afrika və Yaxın Şərqdə təklif etmək niyyətindədir. Avropa bazarına çıxış planlaşdırılmır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.