Bir neçə ay əvvəl, Renault şirkəti yığcam Kiger krossoverini konsept statusunda nümayiş etdirmişdi. Bu gün isə, istehsalçı krossoverin seriya versiyası təqdim edib. Gözlənildiyi kimi, parlaq xarici dizayn elementlərinin əksəriyyəti konveyerə qədər gəlib çatmayıblar. Üstəlik, avtomobilin klirensi 210-dan 203 millimetrə qədər azaldılıb. Lakin yeni model üçün əsas bazar olan Hindistanda əsas meyarlar qənaətcillik, sadə konstruksiya, kuzovun yığcam ölçüləri və aşağı qiymətdır. Xatırladaq ki, Hindistanda dörd metrdən qısa olan avtomobillərə güzəştli aksiz vergisi tətbiq edilir.
Renault Kiger uzunluğu 3991 millimetr, eni - 1750 millimetr, hündürlüyü - 1600 millimetr, oxlar arasındakı məsafə isə 2500 millimetrdir. Yeni krossover, Renault Triber mikroveni, Nissan Magnite krossoveri və Renault Kwid hetçbekinin inşa ediliyi CMF-A modul platformasının uzadılmış və gücləndirilmiş versiyasına əsaslanır. Bu, Kiger modelinin alternativsiz ön ötürmə ilə təchiz edildiyindən xəbər verir.
Konseptin arxa bamperinin mərkəzində yerləşən çıxış borusundan imtina edilməsinə qərar verilib, 19-düymlük təkər disklərinin yerini isə 16-düymlük variant alıb. İri dam baqajının yerini də adi reylilqlər tutub. Ancaq beşinci qapıdakı böyük spoyler, təkər tağlarının genişləndiriciləri və LED optika yerlərini qoruyublar. Bundan başqa, əlavə ödənişlə, ikirəngli kuzovu da sifariş etmək olar.
Rəsmi olaraq, Kiger modelinin beşnəfərlik salonu var, ancaq arxa cərgənin ortasında əyləşən sərnişin üçün yalnız bel təhlükəsizlik kəməri var, oturacaq başlığı isə ümumiyyətlə nəzərdə tutulmayıb. Bununla birlikdə, Kiger modeli konfiqurasiya edilə bilən 7-düymlük virtual cihazlar paneli, klimat-kontrol, 8-düymlük ekranı, Bluetooth, Apple CarPlay və Android dəstəyi olan mediasistem ilə təchiz edilir. Opsiyalar siyahısında 8 dinamikli Arkamys Auditorium 3D səs sistemi, habelə hava təmizləmə sistemi və mərkəzi konsolda yerləşən smartfonların simsiz doldurulma sistemi var.
Əlbəttə ki, baza versiyalı Renault Kiger bu qədər zəngin avadanlığı ilə öyünə bilməz. Baza modeli adi kondisioner və sadə cihazlar paneli ilə təklif edilir. Seçilən versiyasından asılı olmayaraq, Hindistanda satılan Kiger krossoveri dörd hava yastığı ilə təchiz edilir. Baqaj bölümünün həcmi 405 litrə bərabərdir və arxa oturacaqların qatlanması halında bu rəqəm 879 litrə qədər artır. Bundan əlavə, krossover, xırda əşyalar üçün nəzərdə tutulan və ümumi həcmi 29 litrə çatan çoxlu sayda bölmələrə, habelə iki əlcək qutusuna malikdir.
Krossoverin baza versiyası 72 at qüvvəsi və 96 Nm hasil edən 1,0-litrlik üçsilindrli benzin mühərriki ilə təklif ediləcəkdir. Güc aqreqatı beşpilləli mexaniki ötürmələr qutusu və ya birmuftalı “robot” ilə təchiz edilə bilər. Bundan başqa, krossoverin mühərrik çeşidinə 100 at qüvvəsi və 160 Nm fırlanma anı hasil edən 1,0-litrlik turbomühərrik də daxildir. Turbomühərrik beşpilləli mexaniki transmissiya və ya variatorla tandemdə çalışır. Şirkət Kiger modelinin dinamik xüsusiyyətlərini açıqlamayıb. Lakin, krossoverin çəkisinin 1012 kiloqram olduğunu nəzərə alsaq, bu mühərrik çeşidi ona kifayət etməlidir.
Renault Kiger modelinin Hindistan bazarındakı satışlarına yaxın zamanlarda start veriləcəkdir. Bir müddətdən sonra krossoverin digər ölkələrdə də satışlarına başlana bilər.