Renault şirkəti Nyu-Dehlidə keçirilmiş avtomobil sərgisində Kwid modelinin iki konseptual variantını - yarışçı Racer və yolsuzluq üçün nəzərdə tutulmuş Climber modelini təqdim etmişdir. Fransız şirkəti bununla yığcam avtomobilin Hindistan bazarında əlvə etdiyi uğuru qeyd etmək istəyir. Satışların başlanmasından dörd ay keçdiyi bir müddətdə Renault Kwid üçün 90 min ədəd sifariş qəbul edilmişdir.Renault Kwid Racer yarış avtomobillərinə xas olan aqressiv zahiri görünüşü yaradan aerodinamik kuzov dəsti, 18-düymlük disklərlə, qara rəngə boyanmış dam ilə, qırmızı işləmələrlə, arxa spoyler və diffuzorla təchiz edilmişdir.
Avtomobilin salonunda dördnöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş ön idman oturacaqlarını, idman üslubunda sükan çarxını və alkantara ilə örtülmüş ön paneli görmək olar. Təhlükəsizlik karkasının quraşdırılması səbəbindən arxa oturacaqlardan imtina edilmişdir.
Renault Kwid Climber isə adi avtomobildən artırılmış klirensi, başqa disklərlə, kuzovun ön və arxa tərəflərinin qoruyucu plastik örtüyü ilə seçilir. Prototip həmçinin mavi işləmələr və işıq diodlarından hazırlanmış gündüz işıqlatı ilə təchiz edilmişdir.
Bu iki konseptdən əlavə, fransız şirkəti sərgidə Kwid modelinə quraşdırılmağı planlaşdırılan üç silindirli 1,0-litrlik benzin mühərriki də təqdim etmişdir. Mühərrik üç rejimi olan beş pilləli robotlaşdırılmış sürətlər qutu ilə birgə çalışacaqdır. Hal-hazırda Renault Kwid 800 sm3 həcmi və 54 at qüvvəsi olan mühərriklə və 5-pilləli mexaniki sürətlər qutusu ilə təklif edilir. Avtomobil Hindistanda 260 min rupiyə (5920 manat) satılır.