Yüngül kommersiya avtomobilləri dünyasında tamölçülü yeniliklər minik avtomobilləri sənayesində olduğu kimi tez-tez təqdim olunmur. Məsələn, Stellantis konserni 17 ildir ki, Ducato/Boxer/Jumper ailəsini istehsal edir və yalnız vaxtaşırı xırda yeniləmələri həyata keçirir. Lakin Renault şirkəti 13 illik istehsaldan sonra, Master furqonunu yeniləyib. Bu günlərdə təqdim edilən dördüncü nəsil Master furqonu başqa kuzovu, mühərriki və transmissiyası olan həqiqətən yeni bir modeldir.
Furqonun xarici görünüşü müasir Renault minik modellərinə bənzəyir: C-şəkilli gündüz hərəkət işıqları və yenilənmiş firma rombu olan radiator barmaqlığı minik avtomobilləri ilə vahid üslubda hazırlanıb. Qısaldılmış kapot, alın şüşəsinin artmış bucağı və diqqətlə işlənmiş kuzov xətləri axıntılığı yaxşılaşdırmağa kömək edir. Buna görə də, fransızlar Master furqonunu “aeroven” adlandırırlar. Furqon üçün yeddi kuzov rəngindən seçim təklif olunur.
Kabinada mərkəzi hissəsi sürücüyə doğru çevrilmiş tamamilə yeni ön panel var. Onun üzərində Google xidmətlərinin quraşdırılmış dəstəyi olan OpenR multimedia sisteminin 10 düymlük ekranı yerləşir. Baza versiyası klassik cihazlar ilə təchiz olunur, lakin əlavə ödəniş müqabilində Renault sərnişin modellərində olduğu kimi virtual cihazlar panelini də sifariş etmək mümkündür.
İnteryeri tərtib edərkən praktikliyə və istifadə rahatlığına xüsusi diqqət yetirilib. Xırda əşyalar üçün bölmələrin ümumi həcmi 25% artırılaraq 135 litrə çatdırılıb. Digər rahatlıq elementlərinə masaya qatlanan orta oturacaq, USB-C konnektorları, qadcetlər üçün simsiz doldurma meydançaları, stəkan tutacaqları,tavan rəfi və bir sıra əlavə qutu və bölmələr daxildir.
Master ənənəvi olaraq təkcə yük bölməsinin uzunluğu, hündürlüyü və konfiqurasiyası ilə yanaşı, həm də ötürmə növü ilə fərqlənən 40-dan çox modifikasiyada təklif olunacaq. L2 ölçülü qısa furqonlar ön ötürməli, L3 ölçülü orta variant isə ön və ya arxa ötürməli ola bilər. Ən böyük və ən ağır (dörd tona qədər) L4 furqonları isə yalnız arxa ötürməlidirlər. Yük bölməsinin tutumu 11 - 22 kubmetr arasında dəyişir.
Mühərrik çeşidində üç güc qurğusu var. Onların hamısı əvvəlki modeldə bu və ya digər şəkildə sınaqdan keçirilib. Klassik dizel versiyaları əvvəlki 2,3 dCi mühərrikini 105, 130, 150 və ya 170 at qüvvəli versiyalarda təklif olunan daha qənaətcil 2,0-litrlik mühərrik ilə əvəz edib. Seçmək üçün təkcə 6-pilləli mexaniki ötürmələr qutusu deyil, həm də doqquz pilləli avtomatik transmissiya var (əvvəllər sadə "robot" təklif olunurdu).
Renault Master iki elektrik versiyada təklif edilir. Birinci versiya 130 at qüvvəli elektrik mühərriki və 40 kilovat/saatlıq dartma batareyası, WLTP dövrünə əsasən 180 kilometrlik nominal yürüş məsafəsinə malik olan şəhər versiyasıdır.
İkinci versiya 143 at qüvvəli mühərrik (hər iki halda fırlanma anı 300 Nm-dir) və 87 kilovat/saatlıq batareya ilə təchiz edilir və 410 kilometrlik yürüş ehtiyatına malikdir. “Böyük” modifikasiya 130 kilovatlıq daimi cərəyanlı şarj cihazından yarım saat ərzində 229 kilometrlik yürüş ehtiyatını bərpa etməyə qadirdir. Bundan əlavə, xarici elektrik cihazları Master furqonundan (V2L və V2G rejimləri) qidalana bilərlər.
Hidrogen yanacaq elementləri ilə işləyən versiya ayrıca mövqelənir. O, hələlik təqdim olunmayıb və onun xüsusiyyətləri açıqlanmayıb, yalnız güc qurğusunun adı məlumdur - H2-tech. Onun yaradılması ilə Renault və Plug Power tərəfindən yaradılmış Hyvia birgə müəssisəsi məşğuldur və hidrogen furqonun yaxın zamanda debüt edəcəyi gözlənilir.
Əvvəllər olduğu kimi, Master modelinin bütün modifikasiyaları Fransanın Batiyi şəhərindəki ayrıca Renault zavodunda istehsal olunacaq. Avropadakı satışların başlanması 2024-cü ilin yazına planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.