Yaxın zamanlarda Renault şirkətinin təqdim edəcəyi yeni modellərdən bir də elektrik ötürməsi ilə hərəkətə gələn Megane modeli olmalıdır. Elktrokar artıq seriya istehsalına hazırdır və fransız istehsalçısının dərc etdiyi tizerlər bunu təsdiq edir. Renault Megane EV modeli yeni firma loqotipini və 180 km/saatlıq sürət məhdudiyyətini alan ilk Renault avtomobili olacaqdır.
Renault Megane eVision
Yeni elektrokarın carçısı keçən ilin oktyabr ayında nümayiş etdirilmiş Megane eVision konsepti olub. Elektromobil Renault-Nissan-Mitsubishi alyansının yeni CMF-EV platformasına əsaslanacaqdır. Onun uzunluğu 4210 millimetr, eni - 1800 millimetr, hündürlüyü - 1505 millimetr, oxlar arasındakı məsafə isə 2700 millimetr olacaqdır.
Bu, elektrokarın Renault Megane hetçbekindən 149 millimetr qısa, 14 millimetr ensiz və 58 millimetr yüksək olduğunu göstərir. Lakin, elektromobilin təkər bazası daha genişdir - Megan modelində bu göstərici 2669 millimetr təşkil edir.
Renault Megane eVision
Megane eVision konsepti 217 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə təchiz olunub. Konsept 100 km/saat həddinə səkkiz saniyədən az müddətdə sürətlənir. Konseptin təchiz edildiyi 60 kilovat-saatlıq batareyanın qalınlığı cəmi 11 santimetrdir.
Renault nümayəndələri elektrokarın yürüş ehtiyatını dəqiqləşdirməyiblər, ancaq onun dolu batareya ilə Londondan Nyukasla qədər olan məsafəni qət etmək iqtidarında olduğu bildiriliblər - yəni təxminən 450 kilometr.
Buna baxmayaraq, fransız istehsalçısı hibridlərdən imtina etmək fikrində deyil, əksinə fransızlar hibrid model çeşdini genişləndirmək niyyətindədirlər. Hazırda e-Tech güc qurğuları Avropada satılan Clio, Megane, Captur və Arkana modellərinə quraşdırılırlar. Məsələn, Clio modelinin hibrid versiyaları bu modelin satışlarının 30 faizini təşkil edirlər.
Bununla belə, Renault şirkəti hibrid güc qurğusunun ikinci nəslini hazırlayıb – 1,2-litrlik üçsilindrli benzin mühərriki və elektromotorun tandemi 200 at qüvvəsinin üzərində gücə malik olacaqdır. Arxa oxda əlavə elektrik mühərriki ilə təchiz ediləcək qoşulan hibridlərin (plug-in hybrid) ümumi hasilatı 280 at qüvvəsi olacaqdır. Fransızlar 2030-cu ildə Avropadakı avtomobillərə olan tələbatın 40 faizinin hibridlərin payına düşəcəyindən əmindirlər.