2017-ci ilin nəticələrinə görə Renault-Nissan alyansı dünyanın ən irir avtomobil istehsalçısı olub. Mitsubishi Motors şirkətini aldıqdan sonra alyansın satışları təxminən 10,61 milyon təşkil edib. Nəticədə Renault-Nissan alyansı Volkswagen konsernini keçməyə müvəffəq olub.
Automotive News nəşrinin bildirdiyinə görə, Nissan markasının satışları 5,82 milyon, Renault markasının isə 3,76 milyon təşkil edib. Mitsubishi şirkəti keçən il 1,03 milyon avtomobil satmağa müvəffəq olub. Alyans qarşısında 14 milyon avtomobil satmaq məqsədini qoyub. İstehsal miqyasındakı qənaətlər, unifikasiya edilmiş platformalar sayəsində alyans 2022-ci ilə xərcləri 10 milyard avroya qədər azaltmaq niyyətindədir.
Əvvəllər 2017-ci ilin nəticələrinə görə Volkswagen konserninin ən iri avtoistehsalçı olduğu elan edilmişdir.
Konsernə daxil olan markaların ümumi satışları 10,7 milyona çatmalı idi. Lakin, Automotive News nəşrinin məlumatına görə, alman konserninin ümumi satış həcmi 10,53 milyon olub. Üçüncü yerdə 10,2 milyon satışla Toyota konserni qərarlaşıb.