Renault-Nissan alyansı Daimler AG şirkəti ilə birlikdə 1,3-litrlik yeni benzin turbomühərrikini təqdim edib. Aqreqatın silindrlərinin divarlarının örtülməsində Nissan GT-R superkarının mühərrik texnologiyasından istifadə edilib.
Bu texnologiya silindrlərin daxilində sürtünməni azaldaraq, istilik mübadiləsini yaxşılaşdırır. Bununla yanaşı, mühərrik təzyiqi yüksəldilmiş birbaşa çiləmə sisteminə və yeni alışma kamerasına sahib olub. Aqreqat, eyni zamanda, qazbölüşdürülmə fazasının dəyişdirilməsi sistemi ilə də təchiz edilib. Mühərrik üç güc variantında – 115, 140 və 160 at qüvvəsi – təklif ediləcəkdir. Birinici halda, mühərrik yalnız mexaniki ötürmələr qutusu, ikinci halda isə, həm mexaniki, həm də iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edəcəkdir.
Yeni aqreqat son nəsil Renault Scenic və Grand Scenic modellərində debüt edəcəkdir. Avropada artıq belə mühərriklə təchiz ediləcək avtomobillərə sifarişlər qəbul edilir. İlk avtomobillər 2018-ci ilin yanvarında konveyerdən çıxacaqdırlar.