İki gün öncə, Renault-Nissan-Mitsubishi alyansı yeni qlobal strategiyasını dərc edib, dünən isə, Nissan şirkəti öz planını açıqlayıb. Bu gün isə, növbə Renault Qrupunundur. Pandemiya, fransız şirkətinin alyansdakı tərəfdaşlarından az probleminin olmadığını nümayiş etdirib. Fransız qrupunun qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün, olduqca sərt tədbirlər planı hazırlanıb.
Beləliklə, növbəti üç ildə Renault qrupu daimi xərcləri iki milyard avrodan çox azaltmaq və dünya üzrə təxminən 15 min əməkdaşı işdən çıxarmaq niyyətindədir (onlardan 4600 nəfəri Fransadadır).
Renault-Nissan-Mitsubishi alyansının planına əsasən, şirkət öz modellərinin Nissan və Mitsubishi avtomobilləri ilə unifikasiyasını genişləndirməlidir. Bu yolla, Renault qrupu 800 milyon avroya qənaət etmək niyyətindədir. Xatırladaq ki, bazarın hər bir seqmentində alyansın üç şirkətdən birinə həvalə edilmiş bir "ana avtomobili" olacaqdır. Bu modelin digər markalar altında buraxılacaq variantları həm platforma, həm də kuzov cəhətdən maksimum dərəcədə unifikasiya olunmalıdırlar. Üstəlik, çoxmarkalı ailənin yaradılması və istehsalı bir "ana" şirkət tərəfindən həyata keçiriləcəkdir. Məsələn, Renault şirkəti B seqmentindən olan krossoverlərə və CMF-A/B platformasında inşa ediləcək yığcam elektromobillərə cavabdeh olacaqdır.
Elektrik ötürməsinə keçid sürətlənsə də, daxili yanma mühərrikləri ilə təchiz ediləcək modellərin siyahısı rəsmi olaraq açıqlanmayıb. İlkin məlumata görə, Renault tezliklə Talisman, Scenic, Espace və Alaskan modellərindən imtina edəcəkdir. Renault şirkəti, alyansda aparıcı rol oynadığı yüngül kommersiya avtomobilləri seqmentini gücləndirməyi planlaşdırır.
İstehsal güclərinin yenidən nəzərdən keçirilməsi və qlobal istehsalın ildə 4 milyondan 3,3 milyon avtomobilə qədər azaldılması daha 650 milyon avroya qənaət etməyə imkan verəcəkdir. Fransanın Flin şəhərindəki zavodunu yenidənqurma (çox güman ki, elektrik nəqliyyat vasitələrinin istehsalı üçün) gözləyir. Alpine A110 idman avtomobillərinin istehsalı dayandırıldıqdan sonra, Dyieppedəki zavod da yenidən qurulacaqdır. Bu, Alpine markasının son avtomobilinin A110 olacağı anlamına gəlir. Planda digər törəmə markalar (Dacia, Samsung və Lada) barədə qeydlər yoxdur - çox güman ki, bu şirkətləri heç bir təhlükə gözləmir.
Bir ay bundan əvvəl, Renault qrupu Çinin Dongfeng şirkəti ilə birgə yaratdığı, lakin zərərlə işləyən müəssisəni bağlayıb, həmçinin Mərakeş və Rumıniyadakı fabrikləri genişləndirmək layihələri ləğv edilib. Rusiyada isə, Renault "istehsal gücünü adaptasiya etməyi" planlaşdırır.
Nəhayət, Renault qrupu marketinq siyasətini optimallaşdırmaq və rəqəmsal sənəd dövriyyəsinə keçməklə 700 milyon avroya qənaət etmək niyyətindədir.