Renault şirkəti qarşıdan gələn Şanxay avtosalonunda yeni konsepti nümayiş etdirəcəyini bəyan etmişdir. R.S. 2027 Vision adını almış prototip fransız istehsalçısının avtomobil idmanına, əsasən də Formula 1 avtomobillərinə olan baxışını nümayiş etdirəcəkdir.

Hələlik Renault şirkəti cüzi məlumat daşıyan tizeri dərc etmişdir. Fransız istehsalçısı konsept haqqında məlumatı gizli saxlamağa üstünlük verir. Bununla belə, konsept istehsalçının 2027-ci ilin Formula 1 yarışları barədə görüşünü təmsil edir və Renault şirkətinin uzunmüddətli perspektivdə bu çempionatda çıxış edəcəyindən xəbər verir. Renault şirkətinin mətbuat xidmətinin açıqlamasında «avtomobil idmanından seriya avtomobillərinə və əksinə köçürülə biləcək yeni texnologiyalar sahəsindəki addımlardan» danışılır.

Renault R.S. 2027 Vision konseptinin kütləvi təqdimat mərasimi 19 aprel tarixində keçiriləcəkdir. Tədbirdə Reanult Sport Racing komandasının baş direktoru Siril Abitebul və Formula 1 üzrə dördqat dünya çempionu Alen Prost iştirak edəcəkdir.