Fransanın Renault konserni öz yeni elektromobillərinə keçmişin adlı-sanlı modellərinin görkəmini verməyə çalışır. Ən yeni Renault 5 hetçbeki artıq belə tərzdə dizayna malikdir, tezliklə Renault 4 krossoveri buraxılacaq. Qarşıdan gələn Paris avtosalonunda isə, üçqapılı Renault 17 üslubunda hazırlanmış konsept avtomobil nümayiş etdiriləcək.

Orijinal model 1971-1979-cu illərdə istehsal edilib. Onun əsasını orta ölçülü Renault 12 modelinin şassisi təşkil edirdi, lakin üçqapılı kuzov tamamilə yeni idi. Renault 17 modeli 1,6-litrlik benzin mühərrikləri (90-108 at qüvvəsi) ilə təchiz olunurdu. Müasir Renault R17 restomodu isə, əlbəttə ki, elektromobilə çevrilib.

Onun xarici görünüşü üzərində əsasən mebel və sənaye dizaynı ilə məşğul olan fransız dizayner Ora İto çalışıb. Orijinal modelin nisbətləri qorunub saxlanılıb, lakin qalan cəhətdən bu yeni avtomobildir.

Orijinal dördgözlü yuvarlaq optikanın əvəzinə sarı rəngli nazik LED zolaqlar quraşdırılıb. Ənənəvi radiator barmaqlığının yerində kiçik hava girişi var. Eyni zamanda, arxa dam dirəklərindəki barmaqlıqlar olan xarakterik profil saxlanılır.

İnteryerdə parça ilə üzlənmiş ikiqollu “kvadrat” sükan çarxı diqqəti cəlb edir. Onun arxasında cihazlar panelinin  dörd rəqəmsal “quyusu” yerləşib. Media sisteminin əsas ekranı mərkəzi konsolda quraşdırılıb. Oturacaq üzlüklərində qəhvəyi dəri ilə birlikdə açıq rəngli parçadan da istifadə olunur.

Ön oxu hərəkətə gətirən benzin mühərrikinin əvəzinə, arxa oxda qurşadırılmış elektrik mühərrikindən istifadə olunur. Restomod 270 at qüvvəsinə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Eyni zamanda, elektromobil xarakterinə baxmayaraq, karbonplastikdən hazırlanmış kuzov sayəsində yeni Renault R17 cəmi 1400 kiloqram çəkiyə malikdir. Digər texniki xüsusiyyətlər hələlik açıqlanmayıb.

Parisdəki canlı nümayişdən sonra, Renault şirkəti restomodunu başqa sərgilərə də (təkcə avtomobil sərgilərinə deyil) aparmaq niyyətindədir. Amma layihənin gələcək inkişafı barədə heç bir məlumat verilməyib.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.