Renault şirkəti istəmədən öz rəsmi saytında beynəlxalq Cenevrə avtomobil sərgisində debüt edəcək Scenic kampaktveninin şəkilini yayınlamışdır. Avtomobilin fotoşəkili dərhal rəsmi saytdan silinsə də artıq gec olmuşdur. İnternet istifadəçiləri şəkili kompyüterlərin yaddaşına köçürməyə imkan tapmışdırlar. Nəticədə, biz Renault Scenic modelinin dizayn üslubunun həqiqətən də 2011-ci ildə nümayiş etdirilmiş Renault R-concept konsepti ilə müəyyən bənzərliklər daşıdığının şahidi olduq. İlk növbədə nəzərimizə çarpan Megane modelində əksini tapmış üslubda tərtib edilmiş, səliqəli radiator barmaqlığından, xüsusi formalı kapot və ön fənərlərdən ibarət gözəgəlimli ön tərəfi görürük.
Avtomobilin yan pəncərələri də maraqlı çiyin xəttinə malikdirlər. Bundan başqa qara parlaq rəngə boyanmış damını, iki rəngli təkər disklərini də qeyd etmək lazımdır. Bu üslubun avtomobilin interyerində də davam etdiriləcəyindən şübhə yoxdur. Çox güman ki, interyerin dizaynı da Megane modeli ilə eyni üslubda yerinə yetiriləcəkdir. Scenic modelinin salonunun yüksək kefiyyətli materiallarla işlənməsi ehtimallar arasındadır. Rəsmi təsdiqini tapmasa da, avtomobilin 8,7 düymlük sensorlu displeyi olan R-link 2 multimedia sistemi ilə təchiz ediləcəyi də söylənilir.
20 illik yubileyini qeyd edən Renault Scenic modeli fransız şirkətinin CMF adlı platformasında yığılacaqdır. Fransız istehsalçının Megane və Talisman modelləri də bu platformada hazırlanmışdır. Çox güman ki, Scenic modelinin mühərrik çeşidinə bu avtomobillərdə quraşdırılan 90 - 205 at qüvvəsi diapazonunda gücü olan benzin və dizel güc aqreqatları daxil olacaqdır.