Bir neçə gün bundan öncə Renault şirkəti özünün Twitter sosial şəbəkəsindəki səhifəsində böyük ölçülü krossoverin videotizerini yaymışdı.Bu gün isə, fransız şirkəti yeni krossoverin ilk rəsmi fotoşəklini və videoçarxını yaymışdır. Renault şirkətinin dərc etdiyi məlumatda Koleos modelinin 25 aprel tarixində işinə başlayacaq Pekin avtosalonunda təqdim ediləcəyini bildirmişdir. Təsvirdən də göründüyü kimi, yeni modelin keçən il təqdim edilmiş Renault Talisman və Megane modellərinin dizayn üslubunda hazırlanmışdır. Əvvəllər avtomobilin Maxthon adını alacağı söylənilirdi.
Güman edilir ki, Renault Koleos modelinin yeni nəsli Renault-Nissan ittifaqının CMF adlı platformasında hazırlanacaqdır. Hal-hazırda bu platformadan Nissan Qashqai və X-Trail modellərinin istehsalında istifadə edilir.
Renault Koleos krossoverinin qabarit uzunluğu beş metrə bərabər olacaqdır. Yeni krossover beş yerli salonla təklif edilsə də, əlavə ödənişlə yeddi yerlik salonu da sifariş etmək mümkün olacaqdır. Bundan başqa, Renault Maxthon modelinin mühərriklər çeşidinə 160 at qüvvəsi gücü olan 1,6-litrlik dizel güc aqreqatının daxil olacağı bildirilir.
Avtomobil həmçinin, 150 və 200 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki ilə də təklif ediləcəkdir. Renault Maxthon modeli 25 aprel tarixində işinə başlayacaq Pekin avtosalonunda debüt edəcəkdir. Yeni krossover həm cənubi-asiya ölkələrində, həm də Avropada satılacaqdır. Renault Maxthon modelinin əsas rəqiblərindən biri Hyundai Santa Fe krossoveri olacaqdır.