Fransız istehsalçısı Renault Scenic elektrik krossoverini sentyabrın 5-də işinə başlayacaq Münhen avtosalonunda təqdim edəcək. Özü də bu avtomobil Renault şirkətinin sərgidə nümayiş etdirəcəyi iki dünya təqdimatından biri olacaq. İkinci mühüm yenilik - yeddi nəfərlik Grand Kangoo modelidir. Bundan əlavə, Münhen avtosalonundakı Renault stendində Austral, Rafale və Espace modelləri nümayiş etdiriləcəklər.

Əsas diqqət Scenic E-Tech krossoverinə yönəldiləcəkdir. Keçən il fransız brendi eyniadlı kompaktveni təqaüdə göndərib, indi isə onu tamamilə elektrik krossoveri əvəz edir. Yenilik Megane elektrokarının əsasını təşkil edən CMF-EV platformasında inşa olunub və ölçülərinə görə Tiguan modelinə yaxındır – oxları arasında məsafənin geniş olmasına baxmayaraq, Renault elektromobili alman rəqibindən bir qədər qısadır. Modelin Avropa bazarında əsas rəqibləri Volkswagen ID.4, Hyundai Ioniq 5 və Kia EV6 modelləri olacaq.

Grand Kangoo modelinə gəlincə, yenilik 2020-ci ildə nəsil dəyişdirmiş adi Kangoo modelinin üçsıralı versiyasıdır. Qeyd etmək lazımdır ki, Kangoo da E-Tech Electric modifikasiyasına malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.