Renault şirkətinin mətbuat xidməti fransız istehsalçısının Cenevrə avtomobil salonuna üç yeni model ilə qatılacağını bildirmişdir. Mətbuat xidmətinin təqdim etdiyi məlumatda C seqmentindən olan iki avtomobilin və Zoe modelinin xüsusi versiyasının sərgidə nümayiş etdiriləcəyi bildirilmişdir. Bir müddət əvvəl, fransızlar Cenevrədə öz 20 illik yubileyini qeyd edən Scenic modelinin yeni nəslini təqdim edəcəklərini rəsmi olaraq təsdiqləmişdirlər. Ehtimal olunur ki, nümayiş etdiriləcək ikinci avtomobil Megane modelinin Sport Tourer versiyası olacaq.
Yeni Scenic kompaktveni haqqında dəqiq məlumat olmasa da, onun 2011-ci ildə nümayiş etdirilmiş Renault R-Space konseptinin seriya variantı olacağı ehtimal edilir.
Bir müddət əvvəl, internetdə avtomobilin kamuflyaj edilmiş prototipinin cəsus şəkilləri dərc edilmişdir ki, bu təsvirlərdən də göründüyü kimi, yeni avtomobilin xarici görkəmində beşinci nəsil Espace modelinin motivləri müşahidə edilməkdədir. İlkin məlumatlara görə, yeni Scenic modeli Renault-Nissan ittifaqının CMF adlanan modul platformasında istehsal ediləcəkdir.
Hal-hazırda bu platformada yeni nəsil Renault Megane və Nissan Qashqai modelləri buraxılır. Çox güman ki, yeni kompaktven Megane modeli ilə mühərrik qammasını bölüşəcəkdir.