Bir neçə cəlbedici anonslardan sonra, nəhayət ki, Renault şirkəti yenilənmiş Clio hetçbekini təqdim edib. Təzələnmiş avtomobilin satışlarına sentyabr ayında başlanmalıdır. Bununla belə, hetçbeki əldə etmək arzusunda olanlar artıq onu sifariş edə bilərlər. Qeyd etmək lazımıdr ki, fransız istehsalçısının iddiasına görə, avtomobil daha “premium səviyyəli” olmuşdur ki, onun dəbdəbəli İnitiale Paris modifikasiyası da təklif ediləcəkdir.
Yenilənmiş Renault Clio modeli iki variantda – həm hetçbek, həm də universal kuzovu ilə istehsal ediləcəkdir. Yenilənmiş avtomobil başqa formalı radiator barmaqlığını, yeni formalı duman əleyhinə işıqları olan ön bamperi, müasir işıqdiodlarından hazırlanmış Pure Vision optikasını, dəyişdirilmiş “yalançı” diffuzoru və cüzi dəyişdirilmiş arxa fənərləri əldə etmişdir.
Fransız şirkətindən bildirildiyi kimi, yeni Clio daha parlaq və zəngin rənglərlə təklif ediləcəkdir. Bundan əlavə, avtomobilin xrom elementləri göz qamaşdırmayacaqdır – onlar xüsusi tutqun rəngə boyanmışdırlar.
Renault nümayəndələri avtomobilin salonunun tərtibatında istifaə edilən materialların fakturasının daha bahalı olduğunu da bildirmişdirlər. Buna bənzər materiallar Renault şirkətinin daha bahalı modellərində tətbiq edilirlər.

Yenilənmiş Clio modelləri standart olaraq dünya bazarında 110 at qüvvəli 1,5-litrlik dCi dizel mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təklif ediləcəkdir. Bundan əlavə, “mexanika” 120 at qüvvəli Tce mühərriki üçün də əlçatan olmuşdur. Beləliklə, “təravətlənmiş” Clio modeli seqmentdə ən geniş mühərrik çeşidini təklif edən avtomobillərdən biri olacaq – müştərilər 11 müxtəlif quraşdırma variantından seçim edə bilərlər.
Yığcam premium avtomobillərə üstünlük verən müştərilər üçün Clio modelinin İnitiale Paris variantı nəzərdə tutlmuşdur. Bu modifikasiyadadn olan avtomobillər bir sıra eksklyuziv həll yollarını və maksimal avadanlıq siyahısını təklif edəcəkdirlər.

Belə ki, İnitiale Paris modifikasiyası Nappa dərisi ilə üzlənmiş sükan çarxı, sürətlər qutusunun və əl əyləcinin dəstəyi ilə təchiz edilir. Bundan başqa, Clio İnitiale Paris modeli “xüsusi” qapı panelləri, eksklyuziv şəkildə tərtib edilmiş dəri oturacaqlar və ön panel ilə təklif ediləcəkdir.
Avtomobil standart olaraq yüksək kefiyyətli Bose səs sistemi, R-Link Evolution multimedia sistemi, arxa görüntü kamerası və avtomatik parketmə sistemi ilə də təchiz ediləcəkdir. Dəbdəbəli Renault Clio İnitiale Paris modeli geniş mühərrik çeşidi, həmçinin mexaniki və robotlaşdırılmış sürətlər qutusu ilə təklif ediləcəkdir.