Renault şirkətinin Rusiya filialı bu ölkədə satılacaq ikinci nəsil Duster modelinin ilk tizerini dərc edib. Qeyd etmək gərəkdir ki, Azərbaycanda satılan Duster ofrouderləri məhz Rusiyada istehsal olunur. Təəssüf ki, filial yeni krossoverin yerli versiyası barədə ətraflı məlumat verməyib. Hətta, yeni modelin debüt tarixi belə açıqlanmayıb, ancaq ilkin məlumata görə, ikinci nəsil Duster modelinin Rusiyadakı təqdimatı 2021-ci ilin əvvəlində baş tutmalıdır.
Xatırladaq ki, Duster ofrouderinin ikinci nəsli üç il əvvəl debüt edib – ilkin olaraq, Avropa bazarı üçün nəzərdə tutulmuş ofrouder Dacia markası altında işıq üzü görüb. Bir neçə ay sonra, Yaxın Şərq və Afrika ölkələri üçün nəzərdə tutulan variant Renault markası altında debüt edib. Üstəlik, Rumıniyada istehsal edilən avtomobillər Ukraynaya da idxal olunurlar. Nəhayət, keçən yazda ikinci nəsil Renault Duster Braziliyada satışa çıxarılıb.
Ukraynada satılan ikinci nəsil Renault Duster
İlk tizerdən göründüyü kimi, zahiri cəhətdən Rusiyada (müvafiq olaraq Azərbaycanda) satılacaq ofrouder digər bazarlarda təklif edilən versiyaları təkrarlayacaqdır. Texniki cəhətdən isə, Duster modeli Arcana və yenilənmiş Capture krossoverləri bənzər olacaqdır – bu isə o deməkdir ki, avtomobilin kapotunun altında 1,6-litrlik atmosfer aqreqatı və ya turbo 1,3-litrlik turbomühərrik quraşdırılacaqdır. Əlbəttə ki, tam ötürmə sistemi də təklif ediləcəkdir.