Renault şirkəti yeni krossoveri təqdim edəcəyini bildirib. 2022-ci ilin əvvəlində debüt edəcək krossover Avropadakı model xəttində Kadjar krossoverini əvələyəcək və Austral adını alacaqdır. Yeni krossoverin adı latın australis (tərcümədə - “cənubi”) sözündən əmələ gəlib, üstəlik, bu və ya digər halda, fransız dili də daxil olmaqla, bir çox Avropa dillərində mövcuddur. Renault Austral modelinin Avropadakı satışlarına gələn ilin yazında start veriləcəkdir.
Bir müddət bundan öncə, Kadjar modelinin Renault şirkətinin Avropadakı model xəttindən çıxarılacağı barədə məlumat peyda olmuşdu. Yeni krossover bazarda populyarlıq qazanmağa müvəffəq olmayan sələfi ilə müqayisə edilməməsi üçün başqa adla satışa çıxarılacaqdır. Bu günə qədər yeni model HHN kod adı ilə işarələnirdisə, artıq fransız istehsalçısı onun latıncadan götürülmüş adını açıqlayıb.
İlkin məlumatlara görə, ad və nəsil dəyişikliyi ilə birlikdə krossoverin mövqeləndirilməsi də dəyişəcəkdir: model özünəməxsus və daha idman görünüşlü kuzovu əldə edəcək ki, bunu da dərc edilmiş yeni videoçarx təsdiqləyir. Austral modelinin əsasını Nissan Qashqai krossoverinin CMF-C platforması təşkil edəcək, görünüşə gəldikdə isə, yeni model Renault Megane E-Tech modelinin üslubunda dizayna malik olacaqdır.
CMF-EV arxitekturasında inşa edilmiş və sırf elektrik ötürməsi ilə hərəkətə gələn Austral modelinin buraxılacağı da istisna edilmir.İlkin məlumatlara görə, belə elektrokar 87 kilovat-saatlıq batareya ilə təchiz olunacaqdır. Elektromobil dolu batareya ilə 500 kilometr məsafə qət etmək iqtidarında olacaqdır.Çox güman ki, Renault Austral modeli 2023-cü ildən əvvəl bazar debütü etməyəcəkdir.
Cari nəsil Renaulr Kadjar modeli artıq altı ildir ki, Avropa bazarında satılır və əvvəlki nəsil Nissan Qashqai modelinin platformasında inşa olunub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.