Bu gün Renault şirkəti özünün Twitter sosial şəbəkəsindəki səhifəsində böyük ölçülü krossoverin videotizerini yaymışdır. Çox güman ki, videoçarxda ön fənəri göstərilən krossover Maxthon adını alacaq modeldir. Fənərin formasına nəzər salsaq, yeni modelin keçən il təqdim edilmiş Renault Talisman sedan və universalının dizayn üslubunda hazırlanacağından şübhə etməmək olar. Güman edilir ki, Renault-Nissan ittifaqının CMF adlı platformasında hazırlanacaq Maxthon modeli Renault Koleos krossoverini əvəz edəcəkdir. Hal-hazırda bu platformadan Nissan Qashqai və X-Trail modellərinin istehsalında istifadə edilir.

Renault Maxthon krossoverinin qabarit uzunluğu beş metrə bərabər olacaqdır. Yeni krossover beş yerli salonla təklif edilsə də, əlavə ödənişlə yeddi yerlik salonu da sifariş etmək mümkün olacaqdır. Bundan başqa, Renault Maxthon modelinin mühərriklər çeşidinə 160 at qüvvəsi gücü olan 1,6-litrlik dizel güc aqreqatının daxil olacağı bildirilir.

Avtomobil həmçinin, 150 və 200 at qüvvəsi gücü olan 1,6-litrlik benzin mühərriki ilə də təklif ediləcəkdir. Renault Maxthon modeli 25 aprel tarixində işinə başlayacaq Pekin avtosalonunda debüt edəcəkdir. Yeni krossover həm cənubi-asiya ölkələrində, həm də Avropada satılacaqdır. Renault Maxthon modelinin əsas rəqiblərindən biri Hyundai Santa Fe krossoveri olacaqdır.