Hetçbek effektiv “işıq imzası” olan yeni görünüşü, salonun bio və təkrar emal edilmiş materiallardan hazırlanmış üzlüyünü və RS Line versiyasını əvəzləmiş Esprit Alpine idman versiyasını əldə edib. Eyni zamanda, modelin mühərrik çeşidindən 1,3-litrlik “turbodördlük”, transmissiyalar çeşidindən isə avtomatik qutular çıxarılıb. Restaylinqdən sonra yeganə ikipedallı versiya 145 at qüvvəli Clio E-Tech hibridi olacaqdır.
Renault markasının Avropadakı bestselleri yeni bir simaya sahib olub. Clio modelinin əldə etdiyi əsas yenilik ön fənərləridir. Onların gündüz hərəkət işıqlarının zolaqları döndərildikdə firma loqotipini təşkil edirlər.
Radiator barmaqlığı indi üçölçülü naxışa və qradientə malikdir. Aşağıdan o, avtomobil idmanı dünyasından ilhamlanan qanad şəklində dekorativ elementlə “dəstəklənir”. Arxa tərəfdə isə bamperin digər örtmələri və fənərlər var.
Avtomobil yeddi rəngdən birinə boyana bilər: Glacier White, Star Black, Shale Grey, Iron Blue, Flame Red, Valencia Orange və yeni üçqatlı Rafale Grey. Antenna-üzgəc Techno və Esprit Alpine top versiyalarının imtiyazıdır.
Sonuncu RS versiyasını əvəz edib, lakin paketin mahiyyət eyni qalıb. Qara dekor, kuzov dəsti və 17-düymlük təkər diskləri sayəsində belə Clio daha idman xarakterli və dinamik görünməlidir.
Salonda hər şey olduğu kimi qalıb - dəyişikliklər yalnız üzlük materialları sahəsindədir. Məsələn, avtomobil sənayesində ilk dəfə olaraq Clio Techno versiyasının oturacaqları, qapı kartları və panelləri 60% Tencel sellüloz liflərindən hazırlanan parça ilə üzlənib. Dəri hətta sükan çarxında belə yoxdur, çünki Renault onu bioxammal və polyester əsaslı material ilə əvəz edib.
Təchizat səviyyəsindən asılı olaraq, hetçbek 7 və ya 10 düymlük rəqəmsal cihazlar paneli, habelə Easy Link media sisteminin 7 və ya 9,3 düymlük displeyi ilə təchiz edilir. Əlçatan avadanlıqlar siyahısında adaptiv kruiz-kontrol, piyada və velosipedçinin tanınması funksiyası olan təcili əyləcləmə sistemi daxil olmaqla 20 elektron köməkçi var.
Yeniləmədən sonra, 140 at qüvvəsi və 260 Nm hasil edən 1,3-litrlik “turbodördlük” Clio modelinin mühərrik çeşidindən çıxarılıb. Seçimlər arasında üçsilindrli 1,0 SCe (67 at gücü, 95 Nm) və 1,0 TCe (91 at gücü, 160 Nm) benzin mühərrikləri, iki yanacaqlı 1,0 TCe LPG (101 at gücü, 170 Nm) mühərriki və 1,5 dCi (100 at gücü, 260 Nm) dizel aqreqatı var. Onların hamısı mexaniki ötürmələr qutusu ilə tandemdə çalışırlar. Yeganə ikipedallı versiya daxili yanma və elektrik mühərriklərinin 14 iş kombinasiyasını təklif edən Clio E-Tech (145 at qüvvəsi) hibrididir.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.