Renault şirkətinin RenaultSport bölməsinin hazırladığı «qaynar» Twingo hetçbekini rəsmi olaraq təqdim etmişdir. Sələfindən fərqli olaraq «qaynar» hetçbek RS deyil GT indeksini almışdır. Yeni modelin təqdimat mərasimi 23 iyunda işinə başlayacaq Qudvud sürət festivalında keçiriləcəkdir. Texniki cəhətdən Twingo GT modeli Brabus atelyesi tərəfindən təkmilləşdirilmiş Smart avtomobillərini xatırladır. Bu modellər eyni şassidə istehsal edilirlər, Renault və Daimler şirkətlərinin birgə məhsuludur. Hər iki avtomobil 70 faiz ümumi komponentlərə malikdirlər.
Beləliklə, Renault Twingo GT modeli iş həcmi 898 kub santimetr olan üçsilindirli benzin mühərrikini əldə etmişdir. Bu mühərrik 109 at qüvvəsi gücə və 170 Nm fırlanma anına malikdir. İki muftalı altı pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilən Smart’dan fərqli olaraq Renault Twingo GT modeli altı pilləli mexaniki sürətlər qutusu ilə təklif edilir.
Avtomobilin dinamik xüsusiyyətlkəri barədə məlumat verilməmişdir. Ehtimallara görə, avtomobil yerindən 100 km/saata qədər 10 saniyəyə sürətlənəcəkdir.
Arxadan çəkişli Renault Twingo GT hetçbeki əlavə hava girişləri olan daha aqressiv zahiri görkəmə, azaldılmış klirensə, yenidən nizamlanmış sabitlik sisteminə, 17-düymlük təkər disklərinə və boruları arxa bamperin mərkəzində yerləşdirilmiş buraxılış sisteminə malikdir.
Avtomobilin Avropa satışlarına qış aylarında başlanılmalıdır.